AZ

"Putinin həbsinə dair BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin tələbi hüquqa qarşı cinayətdir" - Medvedev

"BCM öz qərarlarını və əfv proseslərini yalnız Qərbin kollektiv maraqlarına uyğun şəkildə verir..."
 
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya prezidenti Vladimir Putinin həbsi ilə bağlı tələbini beynəlxalq hüquqa qarşı cinayət adlandırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Sankt-Peterburq Dövlət Universitetinin "Pravovedeniye" ("Hüquqşünaslıq") jurnalında dərc edilmiş məqaləsində yazıb. Məlumatı "tass.ru" agentliyi yayıb.
 
Medvedev bəyan edib ki, BCM qərarlarını və əfv proseslərini yalnız Qərbin kollektiv maraqlarına uyğun şəkildə verir. O, qeyd edib ki, Haaqa məhkəməsinin özünü "tutduğu" dövlətlər belə BCM və onun praktikasına "xeyli laqeyd münasibət" göstərib.
 
"Bu, məntiqlidir, çünki Qərb dünyasında münasibətlərdə sərt bir iyerarxiya mövcuddur", - o, yazıb. Medvedev həmçinin BCM-in əsas funksiyasını yerinə yetirməkdə tam aciz olduğunu vurğulayıb:
 
"BCM-ə gəlincə, bu günə kimi, təəssüf ki, onun əsas funksiyasını - soyqırım, təcavüz və hərbi cinayətlər törədib, milli qanunvericilik qarşısında məsuliyyətdən yayınan şəxslərin hamısını, o cümlədən Qərb ölkələrinin və NATO üzvü olan dövlətlərin vətəndaşlarını məsuliyyətə cəlb etmək öhdəliyini yerinə yetirə bilmədiyini etiraf etməliyik".
 
Medvedev əlavə edib ki, BCM cəfəngiyyata yuvarlanıb və artıq dövlət başçılarına, o cümlədən prezident Putinə qarşı həbs orderləri verməyə başlayıb. Onun sözlərinə görə, belə sənədləri hazırlayanlar özləri də yaxşı bilir ki, bunlar real həyata keçirilə bilməz.
 
Medvedev bildirib ki, Haaqa Məhkəməsinin bu cür qərarları beynəlxalq hüququn əsaslarını təhrif edir və bu, suveren dövlət olaraq Rusiya üçün qəbuledilməzdir.
 
"Putinin həbsi ilə bağlı order BCM-in özünə zidd getməsidir…"
 
Təhlükəsizlik Şurası sədrinin müavini bildirib ki, "bu cür həbs orderinin verilməsi və məhkəmənin üzv dövlətə həmin şəxsi həbs edib BCM-ə təhvil verməsi üçün müraciəti Roma Statutunun 98-ci maddəsinə ziddir".
 
Dmitri Medvedev qeyd edib ki, Vladimir Putinin həbsi ilə bağlı BCM-in verdiyi order məhz bu məhkəməni yaradan əsas hüquqi sənəd olan Roma Statutuna ziddir. Onun sözlərinə görə, Roma Statutuna əsasən, həbs orderi yalnız o halda məna daşıyır ki, BCM həmin şəxsin üzv-dövlətlərdən biri tərəfindən həbs olunaraq məhkəməyə təhvil verilməsini tələb edə bilsin.
 
"Lakin əgər söhbət Roma Statutunun iştirakçısı olmayan bir dövlətin vəzifəli şəxsi haqqında gedirsə və BCM bu dövlətin razılığını almadan belə addım atırsa, bu, Statutun 98-ci maddəsini pozmaq deməkdir", - Medvedev vurğulayıb.
 
O, bildirib ki, Rusiya prezidenti olaraq Putin həm "ratione materiae" (vəzifə çərçivəsində görülən rəsmi hərəkətlərə görə toxunulmazlıq), həm də "ratione personae" (ölkə başçısı kimi bütün hərəkətlərinə görə toxunulmazlıq) əsasına uyğun olaraq, xarici cinayət yurisdiksiyasından tam toxunulmazlığa malikdir.
 
"Bu immunitetdən açıq şəkildə imtina edilmədiyi halda beynəlxalq məhkəmələrin yurisdiksiyası suveren dövlətin rəhbərinə şamil edilə bilməz", - o qeyd edib.
 
BMT-nin qərarı və beynəlxalq hüquq
 
Bu kontekstdə Medvedev 14 fevral 2002-ci il tarixində BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin Konqo Respublikasının keçmiş xarici işlər nazirinə qarşı həbs orderi ilə bağlı verdiyi qərarı xatırladıb.
 
Həmin qərarda "beynəlxalq hüquqda yüksək vəzifə tutan şəxslərin - dövlət başçısı, hökumət başçısı və xarici işlər nazirinin digər dövlətlərin yurisdiksiyasından, istər mülki, istərsə də cinayət toxunulmazlığa malik olduqları" rəsmən təsdiq edilib.
 
Medvedev bildirib ki, bu norma Roma Statutunun iştirakçısı olan bir dövlətin məhkəmənin xahişi ilə Statuta qoşulmamış başqa bir dövlətin rəhbərini həbs etməsi məsələsində də qüvvədə qalır, bunu hüquq doktrinası da qəbul edir. "Hətta bir halda BCM özü də bu qaydadan istisnaların olmadığını etiraf edib", - o, əlavə edib.
 
Medvedevin sözlərinə görə, Roma Statutunun 27-ci maddəsi - vəzifəli şəxslərin toxunulmazlığının onları cinayət təqibindən qorumadığına dair müddəa "mövcud beynəlxalq hüquqla ziddiyyət təşkil edir".
 
"Bu sənədin suveren dövlətlərin fəaliyyətdə olan rəhbərlərinə qarşı cinayət təqibini mümkün sayması BMT Nizamnaməsində təsbit edilmiş beynəlxalq hüququn əsas prinsiplərinə, ilk növbədə BMT üzvlərinin suveren bərabərliyi və daxili işlərə qarışmamaq prinsipinə ziddir", - Təhlükəsizlik Şurası sədrinin müavini qeyd edib.
Seçilən
11
7
moderator.az

8Mənbələr