
Naxçıvan, 20 yanvar, AZƏRTAC
Naxçıvanda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, “Naxçıvan qaziləri” İctimai Birliyinin üzvləri və yüzlərlə sakin qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gəliblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra səlahiyyətli nümayəndə, dövlət və hökumət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, üzərinə tər qərənfillər düzüblər.
Fuad Nəcəfli şəhidlərin ailə üzvləri ilə görüşüb, faciə qurbanlarının xatirəsinə ehtiramını ifadə edib.
Tədbir iştirakçıları xiyabandakı Ana abidəsini və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə tər güllər qoyublar.