BAKI, 1 iyun. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın iki həftə əvvəl qeyd etdiyi nüvə razılaşması təklifinin Oman tərəfindən onlara çatdırıldığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə iranlı nazir sosial şəbəkə hesabında yazıb.
A.Əraqçi deyib: “Omanın xarici işlər naziri Bədr əl-Busəidi Tehrana qısa səfəri oldu. O, ABŞ-nin İran xalqının prinsipləri, milli maraqları və hüquqlarına uyğun olaraq, müvafiq şəkildə cavablandırılacaq təklifinin elementlərini təqdim etdi”.
Qeyd edək ki, İran və ABŞ arasında nüvə danışıqları davam edərkən, Tehranın uranın zənginləşdirilməsi məsələsi iki ölkə arasında əsas fikir ayrılıqları nöqtəsi olaraq qalır. Tərəflər indiyədək Omanın vasitəçiliyi ilə beş dəfə danışıqlar aparıb. Növbəti danışıqların yeri və vaxtı hələ müəyyən edilməyib.