IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında "Bağban məni yaralama”, “Ana Kürüm” və sair kimi məşhur mahnıların söz yazarı olan şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şərafət Dağıstanlının imza günü keçirilib.
Bizim.Media xəbər verir ki, o, "Xam torpaq", "Konqo azadlıq istəyir", "Qarabağ faciəsi", "Qanlı 20 Yanvar gecəsi", "Dünyanın qadınları, qadınlar sülh istəyir" adlı bir neçə poemanın, 10 kitabın və bundan əlavə, qəzet və jurnallarda dərc olunmuş əlli mindən artıq şeirin, "Jarolonia", "Olmur" kimi yetmişdən yuxarı mahnının müəllifidir.
Onun mahnılarını Xan Şuşinski, Əbülfət Əliyev, Arif Babayev kimi tanınmış xanəndələr ifa ediblər.
Ş.Dağıstanlının şeirləri rus və bir çox xalqların dillərinə tərcümə olunub.
Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.
Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media