"Bizi finalda maraqlı oyun gözləyr. "Sabah" birinci dəfə Azərbaycan Kubokunun finalında mübarizə aparacaq. Heç-heçə variantı yoxdur, iki nəticədən biri olmalıdır:  ya udacağıq, ya da uduzacağıq. Gərgin, baxımlı qarşılaşma olacaq".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sabah" klubunun baş məşqçisi Vasili Berezutski deyib.

Azərbaycan Kubokunun finalında "Qarabağ"a qarşı matça həsr olunmuş mətbuat konfransında sualları cavablandıran rusiyalı çalışdırıcı şansları bərabər qiymətləndirib: "Finalda yalnız Seymur Məmmədovun zədə səbəbindən forma geyinməyəcəyi dəqiqdir. Digər futbolçular oyuna hazırdırlar. Vəziyyət qənaətbəxşdir. Uzunmüddətli zədədən qayıdan Amin Seydiyev, eləcə də Vinsent Till "23-lik"də olacaq. Sadəcə, vəziyyətə uyğun olaraq hücum, yoxsa müdafiə xəttini gücləndirmək lazım gələrkən müvafiq futbolçuların xidmətindən istifadə edəcəyik. Fİnal haqqında 1 ay öncə bilirdik, buna görə görüşə ciddi hazırlaşmışıq. Bu, bizim üçün böyük hadisədir. Şanslar bərabərdir. Kim final günü yaxşı olacaqsa, o da qalib gələcək. Başa düşürəm ki, "Qarabağ" favorit sayılır. Amma biz güllə açılmamışdan yıxılmaq istəmirik. Final matçı həm futbolçu, həm də məşqçi kimi mənim üçün eyni hissləri yaşamaq deməkdir. Mübarizə aparmalısan, əlindən gələni əsirgəməməlisən. Bu günü xüsusi edən qələbədir. Əgər qalib gəlmirsənsə, həmin gündən heç nə əldə etmirsən".

V.Berezutski "Sabah"ın məğlub olacağı halda mümkün istefa versiyasına da münasibət bildirib: "İstefaya göndərilmə ehtimalım barədə məlumatlar mənə təsir etmir. Çünki rəhbərlik, futbolçu, məşqçi heyəti oyuna köklənib. Mən heç mətbuatı izləmirəm, bu məlumatlardan xəbərim yoxdur. Hər hansısa qərar barədə final başa çatdıqdan sonra danışa bilərik. Biz burada istefa barədə çox erkən danışmağa başlamışıq. Mən gərək "Sabah"a baş məşqçi təyin olunandan 1 həftə sonra istefaya gedəydim. Gəlin, final oyununu gözləyək".