Tbilisidə 28 May Müstəqillik günü münasibətilə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən rəsmi qəbul keçirilib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, tədbirdə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, xarici işlər nazirinin birinci müavini Laşa Darsalia, Ombudsman Levan İoseliani, deputatlar, diplomatik korpusun üzvləri, ictimai-siyasi xadimlər, azərbaycanlı iş adamları iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Azərbaycanın müstəqilliyinin bəyan edildiyi Gürcüstanda belə bir tədbirin keçirilməsinin həm də simvolik məna daşıdığını vurğulayıb. Səfir Gürcüstan və Azərbaycanın müstəqillik tarixinin daim bir-biri ilə əlaqəli olduğunu, iki ölkə arasında qarşılıqlı hörmət və dəstəyə əsaslanan, xalqlar arasındakı tarixi dostluq münasibətlərindən bəhrələnən möhkəm münasibətlər olduğunu vurğulayıb. Səfir 44 günlük Vətən müharibəsi dövründə Gürcüstan dövlətinin və xalqının nümayiş etdirdiyi həmrəyliyin yüksək qiymətləndirildiyini və unudulmayacağını vurğulayıb.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili isə çıxışında Gürcüstan və Azərbaycan arasında dostluq və məhsuldar münasibətlərin yalnız coğrafi yaxınlıq ilə bağlı olmadığını, çoxillik xalqlararası dostluq və əməkdaşlığa əsaslandığını vurğulayıb.
Tədbir iştirakçıları üçün Azərbaycan mədəniyyətini əks etdirən əl işləri, müxtəlif kitab və broşuralar, Azərbaycan istehsalı məhsulların sərgisi təşkil olunub. Qonaqlara Azərbaycan mətbəxinin təamları, milli musiqi və geyimləri təqdim olunub.





