İran Prezidenti Məsud Pezeşkianın İrəvana səfəri planlaşdırılır. Yaxın vaxtlarda Pezeşkianın Azərbaycana səfəri baş tutmuşdu və İran regionda sabitliyin qorunmasında maraqlı olduğunu bildirmişdi. Bəs Pezeşkianın Ermənistandakı səfəri Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına hər hansı təsir göstərə bilərmi? Politoloq Turab Rzayev Metbuat.az-a açıqlamasında hazırda İranın bu məsələyə baxışının ikitərəfli olduğunu söyləyib: “İran bundan qabaq birtərəfli şəkildə Ermənistanı dəstəkləyirdi, daha çox Ermənistanın maraqlarına uyğun çıxış edirdi. Hərbi cəhətdən hələ də Ermənistanın təchizatında rol oynayır. Ən azından logistik olaraq İran üzərindən daşınan bütün silahları misal çəkə bilərik. Zəngəzur dəhlizini İran özünün milli məsələsi elan edib və Ermənistandan daha çox buna etiraz edir. Çox qəribədir ki, bir tərəfdən Pezeşkian Azərbaycanla bağlı müsbət açıqlamalar verir, digər bir tərəfdən isə Ermənistan Zəngəzurda yolun açılmasına razıdırsa, İran buna etiraz etmir. İran və Azərbaycan bir tərəfdən birgə təlimlər keçirərkən, münasibətlər yaxşılaşarkən, digər tərəfdən İrəvanda İran səfiri Zəngəzur yolunun yenə də qırmızı xətləri olduğunu xatırladır və sərhədlərin dəyişdirilə bilməyəcəyini qeyd edir. Halbuki həmişə vurğulanır ki, Azərbaycan sərhədləri dəyişdirmək istəmir. Ancaq belə açıqlamalar həmişə Azərbaycanın əleyhinə olur. Yəni məsələ sərhədlə bağlı deyil, əslində Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı tələblərinin reallaşmasını istəməsidir”. Politoloqun fikrincə, Pezeşkianın İrana səfər etməsi qeyri-adi deyil, qonşu ölkələr münasibətləri yüksək səviyyədə saxlayırlar, istər hərbi, istər siyasi, istər iqtisadi əməkdaşlıqları var.
T.Rzayev bu səfərin Azərbaycanın əleyhinə, yoxsa lehinə olacağı məsələsinə də aydınlıq gətirib: “İran əgər həm Azərbaycan, həm də Ermənistanla eyni əlaqələr saxlayıb neytral mövqe tutursa, bu, bizim üçün qəbul ediləndir. Biz İrandan, əlbəttə ki, bir müsəlman, dost və tarixi əlaqələri olan ölkə kimi, daha çox Azərbaycan tərəfini, Qarabağın işğaldan azad olunmasını dəstəkləməsini gözləmişik. Artıq Qarabağ işğaldan azad olunub, İran da bunu məcburi şəkildə tanıyıb. Bundan sonra İranın həm Azərbaycan, həm də İrəvanla balans saxlaması vacibdir. Əgər Pezeşkianın İrana səfəri zamanı Azərbaycanla bağlı müsbət açıqlamalar səslənsə, bu, normal qarşılanar. Amma sadəcə Ermənistanla münasibətləri qabardılsa, bu, onu göstərər ki, İran yenə də Ermənistana Azərbaycandan daha çox dəstək verir və daha yaxın münasibət saxlayır”. T.Rzayev İranın Ermənistanın logistik və hərbi təhlükəsizliyində, silah təchizatında xüsusi rol oynadığını da vurğulayıb: “Belə olan halda, İranın burada sülh nöqteyi-nəzərindən iki tərəfin barışığına çalışması müsbət hal olardı. Ancaq əgər, həqiqətən, İran hər iki tərəfdə səmimi şəkildə sülh istəsə, bunun üçün hər iki tərəfə çağırış etməli, hətta müəyyən qədər təzyiq göstərməlidir. İran yalnız Ermənistana dəstək verib, Azərbaycanla münasibətləri sadəcə formal şəkildə davam etdirməyə çalışsa, balansı pozsa, bu, İranın sülh istəklərinin və vasitəçi rolunun uğurla nəticələnməsinə imkan verməyəcək. Əgər Ermənistan bu dəstəyi hiss edərsə, faktiki olaraq silahlanmasını sürətlə davam etdirəcək. Bu silahlanma İran üzərindən həyata keçiriləcəksə, Ermənistan İranın dəstəyini arxasında hiss edib, bölgədə sabitliyi pozacaq. Düşünürəm ki, İran Ermənistanın əsas logistik qapısı rolunu oynayır. Əgər İran Ermənistana açıq şəkildə izah etsə ki, sülh prosesindən uzaqlaşacağı təqdirdə bu dəstək azaldıla bilər, bu, Ermənistan üzərində müsbət təzyiq yaratmış olardı”.Sevinc İbrahimzadə / Metbuat.az