Bu il özəl daşıyıcıların 400-ə yaxın ekoloji təmiz avtobusu Bakıda istismara verməsi planlaşdırılır.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda ictimai müzakirədə deyib.
Onun sözlərinə görə, Bakı şəhərinin avtobus şəbəkəsində 166 elektrik avtobus və 55 ədəd ekoloji cəhətdən təmiz CNG texnologiyasına sahib avtobuslar fəaliyyət göstərir: “Bu il özəl daşıyıcıların 400-ə yaxın əlavə ekoloji təmiz avtobus alaraq Bakı şəhərində istismara verməsi nəzərdə tutulur”.
O qeyd edib ki, avtobusların sayının artırılması nəticəsində 1 avtobusda gün ərzində daşınan sərnişin sayı 2023-cü ildə 630 nəfər, 2024-cü ildə 620 nəfər idisə, 2025-ci ilin hazırkı dövrünə qədər isə 560 nəfər olub: “Yəni avtobusda doluluq əmsalı müəyyən qədər azalıb. Bu, paytaxtda kifayət qədər avtobusun olduğunun göstəricisidir”.
© “Report”