"Satışda olan göyərtilərin əksəriyyəti dadsız və keyfiyyətsizdir. Üstəlik, həddindən artıq tez bir zamanda xarab olurlar".
Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu, əsasən istixana şəraitində yetişdirilən göyərtilərə aiddir:
"Çünki həmin göyərtilər istixanalarda xüsusi kimyəvi gübrələr vasitəsilə vaxtından əvvəl yetişdirilir. Bu isə artıq təbii yetişdirilmə deyil, süni yetişdirilmə sayılır. Vaxtından əvvəl yetişdirilən və yığılan göyərtilər dadsız olur.
Hətta bəzən marketlərdə mövsümü olmayan göyərtilərin də satıldığını müşahidə edirik. Yəni yetişdirilmə zamanı gübrələrin həddindən çox istifadə olunması və istixana şəraiti göyərtilərin dadına birbaşa təsir edir".
Ekspert qeyd edib ki, daşınma məsələsinin də burada rolu böyükdür:
"Belə ki, göyərtilər onlara uyğun hazırlanmış maşınlarda daşınmalıdır. Əks halda, müxtəlif maşınların yük yerlərində daşınan göyərtilər havasız qalır. Bu isə onların tez xarab olmasına gətirib çıxaran amillərdən biridir. Həmçinin, göyərtilərin saxlanma şəraitinə də fikir vermək lazımdır. Göyərtilərin saxlanma şəraiti düzgün seçilmədikdə onların keyfiyyəti dəyişir".
Mütəxəssis diqqətə çatdırıb ki, göyərtilər çox vaxt salafan paketlərdə ağzı bağlı vəziyyətdə maşınların yük yerində daşınır:
"Lakin isti havalar göyərtinin çürüməsinə və tez xarab olmasına gətirib çıxarır. Eyni zamanda, bu hallar onlardan müxtəlif qoxuların gəlməsinə də səbəb olur.
Təəssüflər olsun ki, bəzən də marketlərdə göyərtiləri nəm saxlamaq üçün onları yuyub, müxtəlif plastik qablarda paketləyirlər. Təbii ki, orada nəm qaldığı müddətdə göyərtinin tərkibində müxtəlif mikroorqanizmlər çoxalır. Nəticədə, göyərtilər təravətini itirir və tez xarab olur. Bu səbəbdən də təbii yetişdirilmə əsas məsələlərdən biridir. Ümumiyyətlə, göyərtilərin düzgün yetişdirilməməsi, yaxşı daşınmaması və səhv qablaşdırılması onların xarab olmasına gətirib çıxarır".
Pərviz