AZ

Lavrov Bakı-İrəvan sazişinə həm lağ etdi, həm də hədələdi...


Elşad Həsənov: “Moskva istəmir ki, onlarsız tərəflər arasında güclü və dayanıqlı sülh olsun”

Rusiya Ermənistan və Azərbaycana sülh müqaviləsinin bağlanmasında səmimi qəlbdən uğurlar arzulayır və bundan sonra da tərəflərə hər cür kömək göstərməyə hazırdır. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov tarixi cənub rus torpaqlarına həsr olunmuş yüksək səviyyəli konfransda bildirib.

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh müqaviləsi Rusiya, Ermənistan və Azərbaycan arasında bir neçə üçtərəfli sammit sayəsində mümkün olub.

“Hər iki tərəf də bunda maraqlı olarsa, yardım göstərməyə davam etməyə hazırıq”, - Rusiya XİN başçısı qeyd edib.

Lavrovun bu sözlərində bir az rişxənd, yəni bizsiz imzalaya bilməzsiniz, bir az da hədə tonu varmı ki, bizsiz heç cür saziş imzalaya bilməzsiniz?

“Ancaq Rusiyanın vasitəçiliyini nə Azərbaycan, nə də Ermənistan istəyir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, bu onu göstərir ki, Rusiya yenə öz hegemonluğunu göstərmək istəyir: “Bunun üçün Lavrov İrəvana səfər etdi və orada keçirdiyi görüşlərdə də Rusiyanın önəmini daha qabarıq şəkildə göstərməyə çalışdı. Bildirdi ki, Rusiya Cənubi Qafqazda öz sözünü deyəcək bir ölkədir. Həm də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin bağlanmasını təqdir etdi. Təbii ki, Lavrov istəyir bütün bunlar Moskvanın moderatorluğu ilə həyata keçsin və buna çalışır. Ancaq Rusiyanın vasitəçiliyini nə Azərbaycan, nə də Ermənistan istəyir. Azərbaycanın tələbi odur ki, sülh sazişi tərəflər arasında vasitəçi olmadan imzalansın. Yəni üçüncü tərəfin iştirakı olmadan imzalanmasını daha vacib hesab edir. Hesab edirəm ki, belə də olacaq. Ancaq Rusiyanın yenidən Ermənistana nüfuz etməyə çalışması, bu ölkəni öz orbitindən buraxmaq istəməməsi fonunda vəziyyət mürəkkəbləşə bilər. Çünki Moskva istəmir ki, onlarsız tərəflər arasında güclü və dayanıqlı sülh olsun. Lavrovun səsləndirdiyi fikirlərdə bu açıq sezilir. Çünki Donald Tramp prezident seçiləndən sonra Rusiya yenidən Ermənistanda güclənməyə çalışır. Yəni bilir ki, hazırkı administrasiya Baydenin komandası qədər Ermənistanı qorumağa çalışmayacaq. Avropa İttifaqının imkanları isə Birləşmiş Ştatlar qədər geniş və güclü deyil. Təsadüfi deyil ki, son vaxtlar Ermənistanda Rusiyaya bağlı müxalifətin də fəallaşması müşahidə edilir. Ancaq hesab edirəm ki, dünya dəyişib. İndi 90-cı illərdəki vəziyyət deyil. Ermənistanda revanşistlər hakimiyyətə gəlsə belə, bu nəyisə dəyişə bilməyəcək. Çünki Azərbaycan Cənubi Qafqazda lider mövqeyinə malikdir. Regionda 44 günlük Vətən müharibəsindən sonra yaranan reallıqlar heç vaxt Rusiyaya bu imkanı verməyəcək. Azərbaycanla Ermənistan Rusiyasız sülh sazişi imzalaya bilər. Artıq sülh sazişinin 17 maddəsi razılaşdırılıb. Əsas odur ki, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılsın”.

Vidadi ORDAHALLI

Seçilən
0
50
baki-xeber.com

10Mənbələr