"Qarşıdan yay tətili günləri gəlir. Əlbəttə ki, tətildə insanların əksəriyyəti istirahət üçün müxtəlif istiqamətlərə üz tutacaqlar".
Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, vətəndaşlar arasında həm regionlara, həm də xaricə istirahətə gedəcək insanlar var:
"Yerli sakinlər daha çox regionlara üz tuturlar. Lakin təbii ki, Azərbaycan hüdudlarından kənara gedən yerli turistlərin sayında da çoxluq müşahidə olunur. Bu isə ölkə iqtisadiyyatının artan tempindən və insanların sosial rifahından xəbər verir".
Ekspert qeyd edib ki, son zamanlarda Azərbaycanda turizmin inkişaf etdirilməsi üçün bir çox addım atılıb:
"Əsasən yay turizminin daha çox inkişaf etdirilməsinə ehtiyac var. Bir sıra addımlar ataraq yay aylarında xarici turistlərin diqqətini ölkəmizə çəkə bilərik. Həm yerli, həm də xarici turistlərin xüsusən bölgələrimizə daha çox üz tutması üçün mühüm addımlar atılır. Düşünürəm ki, bu addımların istiqaməti daha da genişləndirilməlidir.
Düzdür, regionlara və işğaldan azad olunmuş ərazilərə turist səfərlərinin sayını artırmaq üçün bir çox genişləndirilmiş qərarlar verilib. Ancaq bunların sayını bir qədər də artırmaq mümkündür".
Mütəxəssis qeyd edib ki, yaxın perspektivdə regionlarda turizmin daha da inkişafına nail olacağıq:
"Xüsusən Qarabağda da turizmin inkişafına nail olmaq üçün xüsusi konsept hazırlanmalıdır. Ölkəmizin hər bölgəsinin relyefinə və təbiətinə uyğun komplekslər formalaşdırmaq lazımdır. Hər zaman dediyim kimi, Qarabağda sanatoriyalar tikilməli, dağ-xizək kurortları yaradılmalıdır. Çünki bu, turizmin inkişafına böyük təkan verəcək.
Ümumi olaraq isə, ölkəmizdə turizmin inkişafı üçün kifayət qədər işlər görülür. Nəzərə almaq lazımdır ki, Azərbaycanda 9 hava limanı mövcuddur. Onlar da ölkəmizə turist cəlb etmək üçün böyük imkanlar yaradacaq".
Pərviz