Hər bir təşkilatın ümumi məqsədləri var və kino sənətinə aid olan təşkilatlar da görünməz məqsədlərini həyata keçirmək üçün film festivalları təşkil edirlər. Təşkilatların həm sənət, həm siyası, həm ictimai, həm də maddi maraqları olur. Kann - film festivalıdır və sponsorları var, bütün festivallarda olduğu kimi, bu festivalda da müxtəlif statusa malik insanlar dəvət alır.
Publika.az xəbər verir ki, bu sözləri Kult.az-a tanınmış aktyor və rejissor Rza Rzayev (Drakon) xalq artisti Röya Ayxanın Kann flim festivalında iştirakı haqda müzakirələri şərh edərkən deyib.
Rza Rzayev qeyd edib ki, festivala tək rejissorlar, aktyorlar, prodüsserler dəvət olunmur:
“Festival bir neçə mərhələdən ibarətdir. Röya xanım orada Azərbaycan kinosunu təmsil etmir. O, başqa statusda iştirak edir. Bildiyim qədər, “Mastercard” Kann festivalında baş sponsordur və onu da qeyd edim ki, hər bir sponsora kvota ayrılır və o öz təşəbbüsü ilə hər ölkədən, əsasən dünyada tanınmayan ulduzları mədəniyyət səfiri təyin edir və festivalda iştirakını təmin edir.
Bəs niyə məhz Röya? Çünki onun sosial fəaliyyəti kifayət qədər genişdir və mütəmadi olaraq kontent yarada bilər. Bu, “Mastercard” üçün reklam imkanıdır və bundan da çox yaxşı faydalanır. Röya xanım çox az sənət insanlarından biridir ki, həm özü çox populyardır, həm mahnıları hitdir, həm də mənə görə, ən əsası insanlara göstərdiyi münasibət ilə fərqlənir. Bəziləri Röya xanımın şəxsi həyatını yozur, namusdan-qeyrətdən dəm vurur. Ancaq onu deyim ki, namus və qeyrət fərdin özünə aid məsələdir, başqa birinin şəxsi həyatı özünə məxsusdur və həyat tərzində tam azaddır.
İkinci və ən əsası, ictimai məna kəsb edən namus və qeyrət anlayışı da var. Röya xanım bir sənət insanı kimi əksəriyyətdən fərqli olaraq səsi ilə qazandığı pulla imkamsız şəxslərə yardım edir, xəstə olan bir çox vətəndaşın müalicə xərcini öz üzərinə götürür və cəmiyyətə faydalı olan bir çox işlər görür. Bir vətəndaş kimi vətən və milli namusun, qeyrətin nə anlam daşıdığını əməli ilə göstərir.
Röya xanım Kann festivalına kiminsə yerinə getməyib, qanunu pozmayıb, rüşvət verməyib, başqaların qazancına göz dikməyib; o, bacarmadığı vəzifəni tutmur, “dost, qardaş” dediyi adam dünyasını dəyişəndən sonra onun yerinə sədr olmayıb, “dost, qardaş” dediyi adamı çətin anında tək qoymayıb, səhər dediyi sözü axşam təkzib etməyib. O, sadəcə bacardığı və uğurlu olduğu işlə məşğuldur. Həmçinin başqaları kimi yaltaqlıq etmir, vəzifə sahiblərinə tərif demir, vəzifə tutanların qarşısında əl barmaqlarını ayaq barmaqlarına vurmur və vəzifəsini itrənlərin arxasından danışmır”.
Rejissor xatırladıb ki, Röya Ayxana irad tutan Rasim Balayevin kiməsə yardım etdiyini görən olmayıb:
“Prezidentin fərdi təqaüdünü alan Rasim Balayevin həmin təqaüdün bir ayını pandemiya dövrü və 44 günlük müharibə vaxtı hansısa fonda keçirdiyini görmədik. Həmçinin bir Xalq artisti kimi hansısa qaziyə, şəhid ailəsinə fərdi dəstək olmayıb.