Cənubi Qafqazda baş verən hadisələr regionun geosiyasi mənzərəsində ciddi dəyişikliklərə yol açır. Xüsusilə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin sürətlənməsi fonunda yayılan məlumatlar ciddi ictimai-siyasi rezonans doğurur.
Azərbaycan və Ermənistanın Avropa Siyasi Birliyinin növbəti sammitlərinin Bakı və İrəvanda keçirilməsi üçün bir-birinin namizədliyini dəstəkləməsi geniş müzakirələrə səbəb olub.
Turkustan.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın bununla bağlı yaydığı xəbər İrəvandakı revanşist dairələrdə ciddi təşviş yaradıb.
Ermənistan mediası və ekspert dairələrində, eləcə də sosial şəbəkələrdə səsləndirilən ehtimallardan biri Azərbaycan Prezidenti İlham Əliyevin də İrəvana səfər edə biləcəyi ilə bağlıdır.
Qeyd edək ki, Avropa Siyasi Birliyinin 2026-ci ildəki Zirvə toplantısı Ermənistanda, 2028-ci ildəki sammiti isə Azərbaycanda keçiriləcək.
Bu xəbər yayılandan sonra Ermənistandakı bəzi KİV-lər gələn ilin yazında İrəvana gələcək dövlət başçıları arasında Azərbaycan Prezidenti İlham Əliyevin də ola biləcəyini yazıblar.
“Əliyev gələn yazda İrəvana gələcəkmi?”, - deyə Ermənistanın müxalifyönlü“News.am” saytı təlaşla suala cavab axtarmağa çalışıb. Sayt hazırladığı reportajla erməni cəmiyyətində xof yaratmağa çalışıb ki, 44 günlük maharibəni qələbə ilə bitirən, vaxtaşırı “Zəngəzur dəhlizi”, “Qərbi Azərbaycan” məsələlərini gündəmə gətirən Azərbaycan liderinin İrəvana ayaq basmasının arxasında hansısa planlar ola bilər...
Bəzi erməni müxalifət nümayəndələri bir qədər də irəli gedərək, bu ehtimalı İrəvanın “tarixi təslimiyyət”i kimi qiymətləndirib, sosial şəbəkələrdə Paşinyanı “suverenliyi güzəştə getməkdə” ittiham ediblər. Xüsusilə radikal millətçi qruplar bu təşəbbüsün əleyhinə çıxır. Onlar hesab edirlər ki, belə bir səfər yalnız Azərbaycanın şərtləri ilə baş verə bilər və bu da Ermənistanın güzəştə getdiyi anlamına gəlir.
Bəzi erməni revanşistləri narahat edən digər məqam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Avropa Siyasi Birliyinin İrəvanda keçiriləcək Zirvə toplantısında iştirak edə biləcəyi ehtimalıdır.
Aydındır ki, Qarabağ münaqişəsinin başa çatması və oradakı separatçı rejimin ləğvindən sonra Ermənistan cəmiyyətində dərin psixoloji və siyasi parçalanma müşahidə olunur. Azərbaycan liderinin İrəvanda rəsmi şəkildə qarşılanması, bu dairələr üçün həm psixoloji zərbə, həm də mövcud siyasi xətlə barışmaq məcburiyyəti ola bilər.
Şübhəsiz ki, qalib dövlətin liderini kapitulyasiya aktına imza atmış paytaxtda görmək bəzi dairələr üçün ağır olacaq.
Amma hələ indidən iddia etmək olmaz ki, cənab Əliyev İrəvana gedəcək. Mümkündür ki, rəsmi Bakı bu səfərdən ümumiyyətlə imtina etsin. Çünki bundan əvvəl də İlham Əliyev Avropa Siyasi Birliyinin bir neçə sammitinə getməyib.
Bununla belə, əgər Azərbaycan Prezidentinin İrəvana səfəri baş tutarsa, şübhəsiz ki, bu, əksər beynəlxalq dairələr tərəfindən ancaq alqışlanacaq. Çünki səfər tərəflər arasında inamın formalaşmasına və bölgədəki barış prosesinə müsbət təsir edə bilər.
Eyni zamanda, Azərbaycanın yüksək vəzifəli rəsmisinin İrəvana mümkün səfəri Cənubi Qafqaz tarixində yeni bir səhifənin açılması demək olar. Bu, regionda uzunmüddətli sülhə və əməkdaşlığa doğru atılan mühüm addım kimi qiymətləndirilə bilər./modern.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta