Türkiyə müdafiə sənayesinin aparıcı şirkətlərindən olan STM, Malayziyada hərbi dəniz və taktiki mini PUA sistemləri ilə bağlı iki əməkdaşlıq protokolu imzalayıb.
“Poliqon” STM-ə istinadən xəbər verir ki, bu sazişlərdən biri Malayziyanın “Lumut Naval Shipyard SDN BHD” (LUNAS) tərsanəsi, digər isə “G7 Aerospace” şirkəti ilə bağlanıb.
STM-in “Lumut Naval Shipyard SDN BHD” ilə imzaladığı Anlaşma Memorandumuna görə, şirkətlər dəniz layihələrində birgə əməkdaşlıq edəcək.
Bu barədə fikirlərini bölüşən STM-in baş direktoru Özgür Güleryüz bildirib ki, LMS Batch-2 proqramı çərçivəsində Malayziya Hərbi Dəniz Qüvvələri üçün üç korvetin inşasına 2024-cü ildə Türkiyədə başlanıb və hazırda bu proses uğurla davam edir: “Malayziya Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarına uyğun şəkildə dizayn etdiyimiz çoxməqsədli dəstək gəmisini isə ilk dəfə LIMA sərgisində təqdim edirik. LUNAS ilə imzaladığımız Anlaşma Memorandumu təkcə iki ölkə arasında müdafiə sənayesi əməkdaşlığını deyil, eyni zamanda regional dəniz təhlükəsizliyinə də töhfə verəcək bir addım kimi qiymətləndirilir. STM olaraq, Türk dəniz mühəndisliyi sahəsində qazandığımız dərin təcrübə və orijinal imkanlarımızı dost və müttəfiq ölkələrlə paylaşmaqdan qürur duyuruq. Bu əməkdaşlıq çərçivəsində yerli istehsal və yüksək əlavə dəyərli layihələrə imza atmağı hədəfləyirik”.
“G7 Aerospace” və STM arasında imzalanan Anlaşma Memoradumuna əsasən isə, Malayziyada taktiki mini PUAistemlərinin birgə istehsalı həyata keçiriləcək.
“Mini PUA sistemlərimiz 8 ildir ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən uğurla istifadə olunur. Terrorla mübarizə, transsərhəd və xüsusi əməliyyatlar zamanı real döyüş şəraitində özünü sübut edən KARGU, TOGAN və BOYGA kimi məhsullarımızı bu günə qədər ümumilikdə 3 fərqli qitədə 10-dan çox ölkəyə ixrac etmişik. STM-in PUA sistemləri sahəsindəki ekspertizasını qlobal miqyasda yayacaq bu xoş niyyət sazişi, Malayziya ilə Türkiyə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da gücləndirəcək. Dənizçilik sahəsində mühüm həll ortağı olduğumuz Malayziya Ordusuna taktiki PUA texnologiyaları sahəsində mühəndislik dəstəyi göstərərək, həm müdafiə imkanlarını, həm də qarşılıqlı münasibətlərimizi inkişaf etdirməyi hədəfləyirik. Qlobal miqyasda strateji tərəfdaşlıqlarımızı genişləndirərək, Türk müdafiə sənayesinin gücünü artırmağa davam edəcəyik”, – deyə STM-in baş direktoru qeyd edib.