Brüsseldə minlərlə qeyri-kommersiya işçisi Belçika hökumətinin sərt qənaət tədbirlərinə qarşı etiraz aksiyasında iştirak edib.
“Report”un “RTL” telekanalına istinadən verdiyi xəbərə görə, müxtəlif həmkarlar ittifaqlarının birgə təşkil etdiyi tədbirdə uşaq baxıcıları, xadimələr, xəstəxana xidmətinin işçiləri, qocalar evinin tibb bacıları, gənclər işçiləri və sosial inteqrasiya mütəxəssisləri, incəsənət xadimləri iştirak ediblər.
Polisin məlumatına görə, Belçika paytaxtının küçələrinə 27,5 min insan çıxıb. Təşkilatçılar 30 mindən çox etirazçının olduğunu bildiriblər.
“Biz geri çəkilməyəcəyik” şüarları səsləndirən yürüş iştirakçıları “Yorulmuş işçilər - cəmiyyət təhlükədədir”, “Haqsızlıq qanuna çevriləndə müqavimət borcdur” sözləri yazılmış plakatlar daşıyıblar.
Həmkarlar ittifaqları federal hökumətin iş stajı, işsizlik müavinəti və məvacib baxımından işçilərin maraqlarına təsir edən tədbirlərinə qarşı çıxıb. Onlar “cəlbedici və sabit” iş şəraiti tələb ediblər.