Bakıda yerləşən 25 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri arasında baş verən mübahisənin bıçaqlanma ilə nəticələndiyi bildirilir.
Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.
Məsələni aydınlaşdırmaq üçün məktəbə yollandıq. Mühafizə xidməti bıçaqlanma faktını inkar etsə də, şagirdlər arasında mübahisə düşdüyünü, iki nəfərin yüngül xəsarət aldığını bildirdi.
Məsələnin əslini isə bizə hadisə şahidləri, elə həmin məktəbin şagirdləri danışdılar.
Şagirdlər xəsarət alan yeniyetmənin təcili yardımla xəstəxanaya aparıldığını bildirdilər.
Yeniyetmənin vəziyyətini öyrənmək üçün təcili tibbi yardıma yollansaq da, döyülən yeniyetmənin valideynləri bizə çəkiliş imkanı yaratmadı və bildirdilər ki, övladlarının vəziyyəti artıq yaxşıdır. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən isə bu gün saat 10:40 radələrində Xətai rayonu, M. Rüstəmov küçəsində yerləşən 25 saylı tam orta məktəbdən çağırış daxil olduğu, təcili tibbi yardım briqadası tərəfindən 14 yaşlı şagirdə qapalı kəllə-beyin travması diaqnozu ilə zəruri tibbi xidmət göstərildiyi bildirildi. Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilən yeniyetməyə sol təpə nahiyənin dərialtı hematoması diaqnozu təyin edilib. Vəziyyəti stabil olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
Bakı şəhər Təhsil İdarəsindən isə bildirildi ki, baş verən hadisə zamanı, bir şagird digər şagirdə yüngül xəsarət yetirib. Xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili-tibbi yardıma, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib.
Daxili İşlər Nazirliyindən sorğumuza cavab olaraq bildirdi ki, şagirdlər arasında baş verən mübahisə ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.