Bir çoxlarının böyük ümid bəslədiyi Tramp-Putin telefon danışığından da ciddi nəticə hasil olmadı. Doğrudur, Rusiya danışıqlara razılıq verib. Amma Kremlin addımları göstərir ki, Rusiya hansısa bir məsələdə geri çəkilmək niyyətində deyil. Bunun nəticəsidir ki, müharibə meydanında döyüşlər davam edir, özü də daha şiddətli şəkildə. Rusiya yeni-yeni ərazilər ələ keçirməkdə israrlı görünür.
Belə vəziyyətdə görəsən, Ukraynanı hansı aqibət gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Trampla Putin arasında olan telefon danışığı Ukrayna-Rusiya münaqişəsinin həlli istiqamətində ciddi nəticə verməsə də, regionun gələcəyi ilə bağlı bəzi mühüm suallar doğurur:
“Trampın seçki kampaniyası zamanı vəd etdiyi kimi Ukrayna müharibəsini tez bir zamanda bitirmək istəyi, onun Putinin mövqeyini yumşaltmağa çalışdığını göstərir. Lakin Kremlin “ədalətli həll” və “şərtlər” ritorikası, Rusiyanın ərazi iddialarından və geosiyasi maraqlarından geri çəkilməyəcəyinə işarədir. Müharibənin üçüncü ilində Rusiya Donbasda ərazi qazanclarını artırmağa davam edir, bu da Ukraynanın hərbi və iqtisadi cəhətdən getdikcə daha çox sıxıntı ilə üzləşdiyini ortaya qoyur”.
Ukraynaya yardımlar azalır
Politoloq qeyd edir ki, Rusiyanın 2025-ci ilin əvvəlində Donetsk və Luqanskda irəliləyişi, həmçinin Kursk bölgəsində Ukrayna qüvvələrinə qarşı əks-hücumları, Kiyevin strateji vəziyyətini zəiflədir:
“Ukraynanın Kursk əməliyyatı ilkin olaraq Rusiyanı təşvişə salsa da, bu, uzunmüddətli strateji üstünlük gətirmədi və əksinə, Ukraynanın ən yaxşı hərbi birləşmələrini bu cəbhədə “bağladı”. Qərb ölkələrinin Ukraynaya hərbi və maliyyə dəstəyi 2024-cü ildə zəifləməyə başlayıb, xüsusilə ABŞ-də Tramp administrasiyasının dəstəyi azaltma ehtimalı bu tendensiyanı gücləndirir.
Trampın “izolyasionist” siyasəti, ABŞ-ı Ukrayna münaqişəsindən uzaqlaşdırmağa və Avropaya daha çox məsuliyyət yükləməyə yönələ bilər. Bu da Avropa İttifaqını çətin vəziyyətdə qoyur. Avropa ölkələri, xüsusilə Fransa və Almaniya, Ukraynaya dəstək üçün yeni təşəbbüslər (məsələn, barış gücü və ya kəşfiyyat qüvvələri) təklif etsə də, bu təkliflər ABŞ-ın iştirakı olmadan məhdud təsirə malikdir”.
Danışıqlar nəticə verməsə...
Rusiyaya gəldikdə, ekspertin fikrincə, onun iqtisadi itkiləri 1.3 trilyon dollara yaxınlaşsa da, təbii ehtiyatlara çıxış və Şimali Koreya kimi müttəfiqlərin dəstəyi ilə Moskva müharibəni davam etdirmək iqtidarındadır:
“Ukraynanın enerji infrastrukturuna Rusiyanın davamlı hücumları və hərbi resurslarının azalması, ölkənin iqtisadi və sosial sabitliyini təhdid edir. Lakin Trampın “savaşı 24 saat ərzində bitirmək” vədi real görünmür, çünki Rusiyanın tələbləri Kiyev üçün qəbuledilməzdir.
Danışıqlar nəticə verməsə, Ukrayna müharibənin daha uzun müddət davam etməsi riski ilə üzləşəcək, bu da ölkənin iqtisadi və hərbi resurslarını daha da tükəndirəcək. Müharibənin uzanması Ukraynada daxili siyasi böhranı dərinləşdirə bilər”.
Rüfət Sultan, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta