AZ

ABŞ-İran nüvə danışıqları iflasa uğradı - ABŞ elə şərt qoydu ki...


Arzuxan Əlizadə: “Belə kəskin açıqlamalar hər şeyin bitdiyi anlamına gəlmir”

Birləşmiş Ştatların Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff bəyan edib ki, Donald Tramp administrasiyasının İranla nüvə danışıqlarında “qırmızı xətti” Tehranın uranı hər hansı səviyyədə zənginləşdirmək qabiliyyətidir.

“Biz hətta zənginləşdirmə qabiliyyətinin 1 faizinə belə icazə verə bilmərik”, - Uitkoff bildirib və vurğulayıb ki, mülki məqsədlər üçün belə olsa, hər cür zənginləşdirmə potensial olaraq silah istehsalına şərait yarada bilər.

Buna cavab olaraq İran bildirib ki, razılaşma olsa da, olmasa da, uranın zənginləşdirilməsini davam etdirəcək. İranın xarici işlər naziri Abbas Əraqçi Uitkoffun tələbini rədd edərək, onu qeyri-real və danışıqların reallıqlarından qopmuş adlandırıb: “İranda zənginləşdirmə razılaşma olsa da, olmasa da, davam edəcək”.

“Tehran çalışır ki, heç olmasa dondurulan vəsaitlərin bir qisminin geri qaytarılmasına nail olsun”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə hesab edir ki, belə kəskin açıqlamalar hər şeyin bitdiyi anlamına gəlmir: “Ona görə ki, ABŞ-İran danışıqları hələ davam edir. İndiyə qədər danışıqların bir neçə raundu keçirilib. ABŞ və İran arasında Omanın vasitəçiliyi ilə danışıqların dörd raundu keçirilib. Birincisi 12 aprel tarixində Maskatda, ikincisi aprelin 19-da Romada, üçüncü və dördüncüsü isə 26 aprel və 11 may tarixlərində yenidən Omanın paytaxtında baş tutub. Danışıqlarda İranın nümayəndə heyətinə XİN rəhbəri Abbas Əraqçı, ABŞ-a isə Donald Trampın xüsusi səfiri Stiven Uitkoff başçılıq edir. Bəzi məlumatlara görə, İranın nüvə proqramı ilə bağlı böhranın nizamlanması üzrə ABŞ-İran danışıqlarının beşinci raundu 24-25 may tarixlərində Romada keçirilə bilər. İran yaxşı bilir ki, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir şəraitdə ABŞ növbəti müharibəyə getməyəcək. Bu, ABŞ üçün həm böyük xərc deməkdir, həm də neftin qiymətinin kəskin bahalaşmasına gətirib çıxaracaq. Bu səbəbdən Tehran öz qərarını verməkdə tələsmir. Hər vasitə ilə çalışırlar ki, hansısa güzəştlər qoparsınlar. Söhbət iqtisadi güzəştlərdən gedir. Çünki İranda sosial-iqtisadi vəziyyət çox mürəkkəbdir. Ona görə də İran hakimiyyəti danışıqlar sayəsində özünün qismən də olsa maraqlarını təmin etmək istəyir. Burada söhbət İrana tətbiq olunan sanksiyalardan, o cümlədən dondurulmuş milyardlarla vəsaitdən gedir. Tehran çalışır ki, heç olmasa dondurulan vəsaitlərin bir qisminin geri qaytarılmasına nail olsun. Çünki həmin vəsaitlərin geri qaytarılması ölkənin iqtisadi vəziyyətini nisbətən yüngülləşdirə bilər. Nəzərə almaq lazımdır ki, 10 il əvvəl - 2015-ci ildə İranla ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya arasında saziş imzalanıb. Həmin sazişə görə, nüvə silahlarının hazırlanması üçün istifadə edilən uranın zənginləşdirilməsi məhdudlaşdırılmalı, bomba hazırlamaq üçün əlverişli olan plutoniumun olduğu ağır-su reaktoru yenidən dizayn edilməli və bu prosesə daim beynəlxalq nəzarət həyata keçirilməli idi. Əvəzində isə sanksiyalar aradan qaldırılıb və İran hökumətinin əsas gəlir mənbəyi olan neft ixracatına icazə verilib. Lakin Tramp birinci dəfə prezident olandan sonra ABŞ 2018-ci ildə sazişi tərk edərək sanksiyaları bərpa edib. O cümlədən, İranın neft və maliyyə sektorlarını hədəf alan sanksiyalar tətbiq edilməyə başlayıb. Bu isə öz növbəsində İranda iqtisadi böhrana və güclü inflyasiyaya səbəb olub. İran isə buna cavab olaraq razılaşma ilə nəzərdə tutulmuş öhdəliklərindən imtina etməyə başlayıb. İndi yenə ABŞ prezidenti Trampdır. Bu isə o deməkdir ki, İran üçün asan olmayacaq”.

Vidadi ORDAHALLI

Seçilən
0
50
baki-xeber.com

10Mənbələr