PKK terror təşkilatının tərksilah prosesi Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən 24 saat izləniləcək. Bu barədə təhlükəsizlik mənbələrinə istinadla “Türkiyə” qəzeti məlumat yayıb. Mənbələrə görə, proses 4 ay ərzində yekunlaşa bilər. Nəşr yazır ki, Türkiyə prosesi əngəlləyə biləcək amilləri də diqqətdə saxlayır: “Mənbələr İsrail və İranın yanaşmalarının “Terrorsuz Türkiyə” prosesinə zərər verəcək səviyyəyə çatmaması üçün xəbərdarlıq edildiyini də bildirirlər. İran və İsrailin kürdləri bölgədə (Suriya) proksi qüvvəyə çevirməyə çalışdığı, amma Türkiyənin bu məsələdə qətiyyətli olduğu vurğulanıb. Mənbə bildirib ki, həmsöhbətlərimizə (İran və İsraildəki) çatdırdıq ki, onlardan proksi qüvvə kimi istifadə edilərək sərhədimizə gətirilərsə, müharibə səbəbi sayılacaq.
Türkiyə Müdafiə Sənayesi və xarici siyasət analitiki Suat Delgen Sherg.az-a bildirib ki, 7 oktyabr hücumlarından sonra ABŞ Yaxın Şərqdə yeni nizam qurur:

“ABŞ prezidenti Trampın Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətərə son səfərindən də aydın olduğu kimi, Amerika İranın inteqrasiyası ilə Körfəz regionunda iqtisadi birlik yaratmağa çalışır. Bu birlik vasitəsilə öz iqtisadi gücünü yenidən gücləndirmək istəyir. Ona görə də Türkiyə-İran münasibətlərində regional tarazlığın müəyyən səviyyənin üzərində olması, eləcə də Körfəz ölkələri ilə İran arasında münasibətlərin normallaşması vacibdir. Eyni zamanda Türkiyənin terror təşkilatı PKK-nın silahı yerə qoyması və bölgədəki kürdlərlə yaxşı münasibətlər qurması həm Türkiyənin maraqlarına, həm də ABŞ-ın qurmağa çalışdığı Yaxın Şərq təhlükəsizlik arxitekturasına uyğundur. Bu məqamda İsrail yeni qurulan təhlükəsizlik arxitekturasında özü üçün maksimum fayda əldə etmək üçün ABŞ-yə təsir etməyə çalışır. Hətta zaman-zaman qısa müddətə bu təhlükəsizlik arxitekturasını pozacaq hərəkətlər edir. İsrailin Suriyada həyata keçirdiyi hava əməliyyatı və Türkiyə ilə İsrail arasında hərbi qarşıdurmaya səbəb ola biləcək fəaliyyətlər bunlara misal ola bilər. Amma İsrailin təkbaşına bölgədə nizam bərqərar etmək şansı yoxdur. Belə olan halda İsrail sonda Amerika siyasətinə uyğun regional siyasət yürütməli olacaq. Burada əsas məsələ bu nöqtəyə çatana qədər Türkiyə ilə İsrail, İsraillə İran arasında fikir ayrılıqlarının qarşısını almaqdır”.