AZ

"Qalatasaray" 25 qat Türkiyə çempionu oldu

BAKI, 18 may. TELEQRAF

"Qalatasaray" Türkiyə Super Liqasının 2024/2025 mövsümünün qalibi olub.

Teleqraf xəbər verir ki, İstanbul təmsilçisi buna XXXVI turda evdə "Kayserispor"u 3:0 hesabı ilə məğlub etməklə nail olub.

"RAMS Park"da təşkil olunan görüşdə hesabı 26-cı dəqiqədə Viktor Osimhen açıb. Cəmi 3 dəqiqə sonra isə Barış Alper Yılmaz fərqi artırıb.

Mövsümün sonunda komandadan ayrılacağı dəqiqləşən "Qalatasaray"ın kapitanı, uruqvaylı qapıçı Fernando Muslera 89-cu dəqiqədə penaltini dəqiq yerinə yetirərək matçda son nöqtəni qoyub.

"Sarı-qırmızılar" xallarının sayını 89-a çatdıraraq, ikinci pillədə qərarlaşan əzəli rəqibi "Fənərbağça"nı 8 xal qabaqlayıb. Mövsümün son iki turunun nəticəsindən asılı olmayaraq, "Cim-Bom"un çempionluğu rəsmiləşib.

Bu, "Qalatasaray"ın tarixində 25-ci çempionluğudur. Okan Burukun rəhbərlik etdiyi kollektiv Türkiyə tarixində embleminə 5-ci ulduzu həkk edən ilk klub olub.

Qeyd edək ki, "Qalatasaray" Türkiyə Super Liqasının son iki mövsümün qalibidir. "Fənərbağça"nın titul sayı 19, "Beşiktaş"ın isə 16-dır.

Seçilən
0
7
teleqraf.com

7Mənbələr