AZ

Mahir Emreli “Nürnberq”ə het-triklə vida etdi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniyanın “Nürnberq” komandasının heyətində sonuncu matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Almaniya İkinci Bundesliqasının 2024/2025-ci illər mövsümünün 34-cü turu çərçivəsində baş tutmuş Braunşveyq “Ayntraxt”ı ilə matçın iştirakçısı olub.

Nürnberqlilər səfərdə baş tutmuş cari mövsümün sonuncu oyunundan möhtəşəm qələbə ilə ayrılıblar – 4:1.

Mahir bu görüşə start heyətdə başlayıb və 84-cü dəqiqədə, hesab 4:0 olarkən əvəzlənib. Azərbaycanlı futbolçu bu oyunda het-trik müəllifi olub. Belə ki, Emreli 10-cu dəqiqədə hesabı açıb. O, 20-ci dəqiqədə komandasının 2-ci, 45+1-ci dəqiqədə isə 4-cü qolunu vurub. Mahir 20-ci dəqiqədə həm də sarı vərəqə alıb.

Beləliklə, “Nürnberq” 34 oyuna topladığı 48 xalla 2024/2025-ci illər mövsümünü 18 iştirakçı arasında 10-cu pillədə başa vurub. Baş məşqçisi Miroslav Kloze olan komanda mövsüm ərzində 14 qələbə qazandığı halda 6 heç-heçə edib, 14 oyunda məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Mahir Emreli 2024-cü il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalamışdı. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilərdi. Amma tərəflər bir neçə həftə öncə yeni müqavilə imzalamamaqla bağlı razılığa gəlmişdilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 53 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
0
5
arena.az

10Mənbələr