Demokrat prezidentin gəlişi ilə Ağ Ev hökumətinin əvvəlki siyasətə qayıdışı mümkündürmü? - Bakıdan gözlənti
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq səfəri Azərbaycan üçün də maraq kəsb edən bir sıra diqqətçəkən məqamlarla yadda qaldı. Məsələn, Ağ Ev başçısı Səudiyyə Ərəbistanında çıxışı zamanı ABŞ-ın indiyədək digər dövlətlərin daxili işlərinə müdaxiləsini, Yaxın Şərqdəki hərbi müdaxilələrini kəskin tənqid edib və öncəki administrasiyaları “dövlət quruculuğu” adı altında ölkələri dağıtmaqda ittiham edib. Söhbət ən əvvəl Əfqanıstana, İraqa, Suriyaya və s. müdaxilələrdən gedir.
Tramp habelə neokonservatorları, “dövlət qurucularını” və liberal QHT-ləri Kabildə və Bağdadda sabitlik yarada bilmədən trilyonlarla dollar xərclədiklərinə görə qınayıb. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki uğurlar Qərb müdaxiləçilərinin deyil, bölgə xalqlarının özlərinin nailiyyətidir. ABŞ isə belə siyasətdən daha istifadə etməyəcək, regional liderlərlə əməkdaşlığa, terrorizmlə mübarizəyə, qarşılıqlı iqtisadi maraq yaradacaq layihələrə fokuslanacaq.
Yada salaq ki, əvvəlki hökumətlərin, xüsusilə də Bayden-Blinken administrasiyası dövründə digər ölkələrin daxili işlərinə qarışmaq, təzyiq və şantaj siyasəti, USAİD və başqa qurumların xətti ilə “rəngli inqilablar” siyasəti davam edib. O sırada xarici QHT və fondlar vasitəsilə Azərbaycanın daxili işlərinə müdaxilələrə cəhdlər olunub. Lakin Bakı bütün bu səyləri dəf edə bilib və Azərbaycanın uğurlu mübarizə modeli daha sonra Gürcüstan tərəfindən istifadə edilib.
Bəs Tramp sözünü axıradək tuta biləcəkmi? Bu siyasət nə dərəcədə ardıcıl, davamlı olacaq? Trampdan sonra hansısa demokrat prezidentin gəlişi ilə Ağ Ev hökumətinin əvvəlki siyasətə qayıdışı mümkündürmü?
Elşən Musayev
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Ağ Ev sahibinin sözlərinə haqq qazandırıb: “Trampın Yaxın Şərqlə bağlı söylədikləri təsadüfi deyil. O, hakimiyyətə ikinci dəfə gəlişindən dərhal sonra əməli fəaliyyəti ilə də sübut edib ki, ölkəsinin siyasi və iqtisadi resurslarını kənar xərcləmək niyyətində deyil. Eyni zamanda, ABŞ Prezidenti haqlı olaraq düşünür ki, beynəlxalq hüququn ana prinsiplərinə riayət edilməli və başqa dövlətlərin daxili işlərinə qarışmaq olmaz”.
Onun fikrincə, İraq və Əfqanıstan nümunələri var: “Zamanında pullar xərcləndi, trilyonlar getdi, amma nəticə yoxdur. Yəni nə Amerika siyasi məqsədlərinə nail ola bildi, nə də İraq xalqı ağ günə çıxdı. Halbuki o maliyyə ilə dünyada nə qədər humanitar problemi həll etmək, ehtiyacı olan dövlətlərə, köməksiz insanlara əl tutmaq olardı. Tramp ağıllı insandır və keçmiş liderlərin səhvlərini təkrarlamayacaq”.
E.Musayevin sözlərinə görə, onsuz da USAİD kimi təşkilatların ləğvi, SOROS-un züy tutanlarının kənarda saxlanması, müxtəlif bölgələrdə inqilab ssenarilərinə sponsorluq edən təsisatların müflisləşdirilməsi ondan xəbər verir ki, ABŞ xarici siyasətinə yenidən baxır".
Məhəmməd Əsədullazadə
Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə isə Trampın addımlarını Azərbaycanın maraqlarına uyğun hesab edir: “ABŞ müxtəlif ölkələrdə rəngli inqilabların müəllifi olub. Məhz Trampın bu barədə kəskin danışması onun administrasiyasının bu siyasətdən imtina etməsinin mesajıdır. Tramp əsasən iqtisadi sövdələşmələrdə maraqlıdır. Onun Səudiyyə Ərəbistanı və Qətərlə bağladıqları müqavilələr trilyon dollarla ölçülür. Tramp əsasən ”yumşaq güc"dən istifadə edərək, region ölkələri ilə əməkdaşlığı inkişaf etdirmək istiqamətində siyasət aparır. Müharibə, müxtəlif təşkilatlar vasitəsilə təzyiq siyasətdən imtina edir. Bu da ABŞ administrasiyasına etimadı artırır. Bayden adminstrasiyasının həyata keçirdiyi xəttə ABŞ milyonlarla dollar xərcləyib, digər ölkələrə təzyiq siyasəti aparıb. Tramp isə ölkələrlə əməkdaşlıq edərək, ölkəyə pul axınını təmin edir. Bir növ o iqtisadi siyasətə üstünlük verir".
Onun qənaətinə görə, Azərbaycan da bu istiqamətdə ABŞ-la işləməyə hazırdır: “Azərbaycan daima müstəqil siyasətə üstünlük verib. Qarşılıqlı etimada əsaslanan siyasi əməkdaşlığın genişləndirilməsi üçün Vaşinqtonla işləməkdə maraqlıdır. Amma Bayden administrasiyası ölkələrin müstəqil siyasətini qəbul etməyib. Azərbaycana qarşı daima təzyiq və şantaj siyasəti aparılıb. Azərbaycan Cənubi Qafqazda müstəqil siyasət apararaq xarici təzyiqlərin neytrallaşdırılmasına çalışıb. Bu gün Gürcüstanda da Azərbaycanla eyni siyasət aparmağa çalışır. Trampın tutduğu siyasət Azərbaycanın maraqlarına cavab verir. ABŞ-la Azərbaycan arasında mövcud əməkdaşlığı inkişaf etdirmək perspektivi var. Cənab Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin şaxələndirilməsi və milli maraqlara cavab verən strategiya reallaşdırır. ABŞ administrasiyası ilə də bu əlaqələr inkişaf edəcək”.
Yeri gəlmişkən, prezident İlham Əliyev bu barədə açıq danışmışdı və “məxməri inqilab” üçün qrantlar ayrılmasına işarə etmişdi. Sitat: “Bu təşkilatlarda çalışan və ya əməkhaqqı alan insanların sayı isə yəqin ki, on minlərlə, hətta daha çoxdur. Biz bilirik ki, bu, nə deməkdir. Çünki burada, bizim ölkəmizdə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr var idi, amma biz bunun qarşısını aldıq. Ona görə də hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir və müvafiq orqanlar icazə verib-verməməyi nəzərdən keçirməlidir”.
Eyni zamanda, postsovet məkanında separatizmə son qoyan ilk ölkə kimi tarixə düşən Azərbaycan Cənubi Qafqazda prioritetlərini dünyaya elan etməkdədir. Qonşularla sülh şəraitində yaşamaq, əmin-amanlığa və regional inkişafa nail olmaq bu siyasətin təməl prinsiplərini təşkil edir. 30 il Qarabağ münaqişəsinin nizamlanmasına vasitəçilik etmiş Amerika Birləşmiş Ştatları (ABŞ) isə rəsmi Bakının müəyyən etdiyi bu hədəflərə dəstək vermək əvəzinə, ona qarşı çıxır. Bütün bunlar başadüşüləndir. 2000-ci illərdən postsovet məkanında “rəngli inqilablar”a start verən dövlətdən bundan artıq nəsə gözləmək olmazdı. Trampın birinci prezidentliyi dövründə də ABŞ başqa ölkələrin siyasətinə insan haqları adı ilə müdaxilə etmədi. İrəlidəki 4 il ərzində də belə olacağını proqnozlaşdırmaq mümkündür.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”