Türkiyənin vasitəçiliyi ilə keçirilən İstanbul görüşünün Rusiya üçün tamamilə nəticəsiz qalma ehtimalı qətiyyən inandırıcı görünmür, çünki Kreml təmsilçiləri müzakirə masasını yarımçıq tərk edərkən, Ukraynanı yeni ərazilərin işğal olunacağı ilə təhdid ediblər... Kremlin sülh sazişindən və atəşkəs anlaşmasından yayınması, Ukraynaya qarşı savaşı davam etdirmək niyyəti ABŞ və Qərbin Rusiya əleyhinə yeni hərbi-siyasi koalisiyanın yaradılmasına yönəlik cəhdlərini daha da stimullaşdıra bilər...
Ukrayna savaşı ətrafında yaranmış qəliz situasiya gərginlik mərhələsinə keçmək üzrədir. Belə ki, yaxın gələcəkdə sülh sazişinin imzalana biləcəyi və yaxud atəşkəsin elan olunacağı artıq böyük şübhələr doğurmağa başlayıb. Üstəlik, sülh prosesi qarşısında ən böyük əngəlin də məhz Rusiya olduğu birmənalı şəkildə təsdiqlənib. Çünki Kremlin davranışları Rusiya və Ukrayna arasında anlaşmaya birbaşa zərbə xarakteri daşıyır. Və bu baxımdan, Kremlin sülh müzakirələrinə hazır olması barədə bəyantlarının siyasi manipulyasiya xarakteri daşıdığı artıq qətiyyən şübhə doğurmur.
Onu da qeyd etmək lazımdır ki, Kreml uzun müddətdən bəri Rusiyanın maraqlarına uyğun cərəyan edən danışıqlar prosesini korlamağı bacardı. Hər halda, son vaxtlar hadisələrin inkişaf istiqamətləri daha çox Rusiyanın əleyhinə çevrilmiş kimi görünür. Çünki bir tərəfdən, ABŞ Kremlin “kaprizlər”indən bezərək, vasitəçilik missiyasından imtina edib. Digər tərəfdənsə, Türkiyənin vasitəçilik missiyasının bərpasına nail olunsa da, yenə Kremlin “imperiya eqo”su İstanbul görüşlərinin də uğur qazanma ehtimalını şübhə altına salıb. Və bu baxımdan, sülh istədiyini hər imkanda bəyan edən Rusiya əvvəl-axır prinsipial seçim etməli olacaq.
Məsələ ondadır ki, Kremlin “sülh anlayışı” konkret narrativlərlə məhdudlaşır. Belə ki, Rusiya sülh şərtlərini mütləq özünün diqtə etməsində israrlıdır. Kremldə hesab edirlər ki, Ukraynanın və bu savaşda hər hansı səviyyədə bulaşmış tərəflərin mövqeyi önəmli deyil. Əsas məsələ odur ki, sülh sazişi yalnız Rusiyanın maraqlarına uyğun şərtlərlə hazırlansın. Əks halda, Kreml sülh masası arxasına oturmağa qətiyyən həvəsli deyil. Və bu, o deməkdir ki, Rusiya Ukrayna savaşının gələcək nəticələrini təkbaşına müəyyən edə biləcəyinə ümidlərini hələ də itirməyib.
Maraqlıdır ki, Kreml bəzi qəliz şərtlərini Ukrayna savaşının baş verməsinə səbəb olan problemin həll edilməsinin vacibliyi ilə bağlı absurd narrativ altında gizlətməyə çalışır. Halbuki, bu “narrativ”in hansı məzmun daşısığını anlamaq o qədər də çətin deyil. Hər halda, Kreml Ukrayna savaşına məhz rəsmi Kiyevin NATO-ya və Avropa Birliyinə üzvlük niyyətini bəhanə gətirərək, başlamışdı. Eyni zamanda, Rusiya müstəqil Ukraynanın suveren ərazilərində NATO ölkələrinə aid hərbi bazaların yerləşdirilmə ehtimalına da qarşıdır. Və buna paralel olaraq, Kreml Ukraynada hökumətin dəyişdirilərək, Rusiyanın təsir dairəsində olan siyasi qüvvələrin hakimiyyətə gətirilməsi niyyətində də israrlıdır.
Belə anlaşılır ki, Kreml Ukraynanın hər hansı tələbini dinləmək niyyətində deyil. Yalnız Rusiyanın maraqlarına uyğun şərtlərin həm rəsmi Kiyev, həm də Ukraynanın Qərbdəki strateji tərəfdaşları tərəfindən qəbul edilməsini istəyir. Yəni, Kreml rəsmi Kiyevə sülh sazişi adı altında Ukraynanın kapitulyasiyası ilə bağlı sənəd imzalatmağa cəhd göstərir. Və bu səbəbdən də, İstanbul görüşündən sonra Ukrayna savaşı ətrafında yaranmış qlobal hərbi-siyasi situasiyanın yenidən Rusiyanın əleyhinə çevrilə biləcəyi də qətiyyən istisna deyil.
Məsələ ondadır ki, ABŞ Türkiyənin vasitəçilik etdiyi Ukrayna-Rusiya görüşündə iştirak etməsə də, əslində, bu münaqişənin nizamlanması prosesindən tamamilə uzaqlaşmayıb. Belə ki, İstanbulda həm də yüksək tərkibdə Türkiyə-ABŞ-Ukrayna görüşü də keçirilib. Yəni, Ağ Ev İstanbul görüşündə müzakirə edilən mövzuları və ümumiyyətlə, Ukrayna savaşı ilə bağlı sülh prosesini nəzarətdə saxlamağa çalışır. Və bu məsələdə Türkiyə ilə yaxından əməkdaşlıq edən ABŞ yaxın vaxtlarda mövqeyini daha da konkretləşdirmək məcburiyyətində qala bilər.
Çünki Avropa Birliyi də hazırda Rusiyaya qarşı növbəti sanksiya paketini təsdiqləmək üçün İstanbul görüşünün nəticələrini gözləyir. Əgər, Kreml sülh sazişindən və atəşkəs anlaşmasından yayınarsa, həmin sanksiyalar dərhal qüvvəyə minəcək. Ardınca Avropa Birliyi liderləri Tramp administrasiyasını ABŞ-ın Rusiyaya qarşı sanksiyalara qoşulmağa, eləcə də Ukraynaya hərbi dəstəyi bərpa etməyə inandırmağa çalışacaqlar. Və Avropa Birliyi ABŞ-la ortaq mövqeyə nail olarsa, bu, Rusiya üçün daha ağır dövrün başlanmasına da yol aça bilər.
Onu da qeyd etmək lazımdır ki, böyük ehtimalla ABŞ və Avropa Birliyi arasında Rusiya əleyhinə addımların atılması ilə bağlı qərarlar artıq o qədər də uzaqda deyil. Belə ki, İstanbul görüşündə Kreml təmsilçiləri qarşı tərəfdən Rusiyanın işğalı altında olan Ukrayna əraziləri ilə bağlı hərbi əməliyyatları dayandıraraq, qoşunları geri çəkməyi tələb ediblər. Ukrayna təmsilçiləri isə bununla razılaşmayıblar və Rusiyadan işğal edilmiş bütün Ukrayna ərazilərinin azad edilməsini istəyiblər. Və nəticədə İstanbul görüşü heç bir pozitiv mesajlara belə, yer buraxmadan nəticəsiz bitib.
Ancaq İstanbul görüşünün Rusiya üçün tamamilə nəticəsiz qalma ehtimalı da qətiyyən inandırıcı görünmür. Belə ki, Kreml təmsilçiləri İstanbul görüşünü yarımçıq tərk edərkən, Ukraynanı təhdid ediblər. Onlar bildiriblər ki, növbəti görüşdə Ukrayna ordusunun geri çəkilməli olacağı ərazilər indikindən qat-qat çox olacaq. Yəni, Rusiya atəşkəs anlaşmasını yaxına belə, buraxmır və Ukraynaya qarşı savaşı davam etdirmək niyyətindədir. Və bu, Qərbdə Rusiya əleyhinə yeni koalisiyanın yaradılması cəhdlərini daha da stimullaşdıra bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu