AZ

Oğurluğa görə cəza sərtləşdirilir

Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cəza sərtləşdirilir, bu əmələ görə azadlıqdan məhrumetmə iki ildən üç ilə qaldırılır.

Heftelik.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qüvvədə olan Məcəlləyə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edilib ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyasına üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təklif edilməsi, bu cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasından çıxarılması və az ağır cinayət hesab edilməsinə səbəb olur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Seçilən
0
34
heftelik.az

10Mənbələr