Bu gün ölkədə gecə növbəsində çalışan minlərlə vətəndaş var. Onların bəziləri rəsmi, digərləri də qeyri-rəsmi işçilərdir. Lakin elə şəxslər var ki, onlar üçün gecə növbələri əlverişli sayılmır. Amma belə işçilər ya maddi çətinlik, ya uyğun iş tapa bilmədiklərinə, ya da başqa səbəblərə görə gecələr çalışırlar.
Vəkil Emil Aslanov Modern.az-a bildirib ki, Əmək Məcəlləsi və Həmkarlar İttifaqlarının tərtib etdiyi qaydalara görə, müəyyən qrup vətəndaşlar gecə növbələrində çalışa bilməzlər.
Vəkil qeyd edib ki, məcəllənin 97-ci maddəsində gecə vaxtı yerinə yetirilən işin müddəti göstərilib. Saat 22:00-dan səhər saat 6:00-dək olan müddət gecə vaxtı sayılır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecəyə düşən hissəsi bir saat qısaldılır.
“98-ci maddədə gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilməsinə yol verilməyən işçilərin siyahısı tam təqdim olunub. İlk olaraq, gecə vaxtı yerinə yetirilən işlərə yaşı 18-dən az olan işçilərin cəlb edilməsinə yol verilmir”,-deyə vəkil bildirib.
Həmçinin, əlilliyi olan işçilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.
Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin əlil uşağı olan qadınlar (bu Məcəllənin 242-ci maddəsi nəzərə alınmaqla), üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər.
Emil Aslanov açıqlayıb ki, qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətlərinin məhdudlaşdırılması, hamilə, 14 yaşınadək uşağı olan, həmçinin əlil uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol verilir.
Bu maddənin 1-ci hissəsi 14 yaşınadək uşağı, həmçinin əlil uşağı övladlığa götürən qadınlara da şamil edilir.