Bu ilin yanvar-aprel aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 12 milyon 233,3 min ton neft nəql edilib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin ilk 4 ayının göstəricisinə nisbətən 4,3 % azdır.
Ötən dövr ərzində nəqletmənin 76,1 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Bu kəmər vasitəsilə yanvar-aprel aylarında 9 milyon 314,7 min ton neft ötürülüb. Bu, 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 3,04 % azdır.
Hesabat dövründə BTC kəməri ilə nəql edilmiş neftin 83 %-ini və ya 7 milyon 731,5 min tonunu Azərbaycanda hasil edilən neft, 17 %-ini və ya 1 milyon 583,2 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 0,7 %, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 13,1 % azalıb.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.
AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,92 %) pay sahibidir.