Hələlik isə, Ermənistanda Rusiyameyilli qüvvələrlə Qərbə inteqrasiya tərəfdarları arasında rəqabət qızışır. Lakin Rusiyanın Ermənistandakı siyasi təsir rıçaqları zəifləyib, Moskva Paşinyana müxalif qüvvələrin mərkəzləşdirilməsini və onun böyük elektorat qazanmasını təşkil edə bilmir. Üstəlik, Rusiya ilə yanaşı, Robert Koçaryan və Serj Sarkisyanı Qərb də gizli dəstəkləyir.
Nikol Paşinyanın necə devrilməsi ilə bağlı Koçaryanla Sarkisyan arasında böyüyən fikir ayrılıqları məncə daha çox Rusiya-Qərb mübarizəsinin əlamətləri ilə əlaqədardır.
Üstəlik, Nikol Paşinyanın Koçaryan-Sarkisyan mümkün müttəfiqliyi ilə devrilməsi ehtimalları yoxdur, çünki erməni ictimaiyyətində həmin iki keçmiş prezidentə dərin bir nifrət var.
Burada digər keçmiş prezident Levon Ter-Petrosyanın da elektorat cəhətdən ciddi problemləri var. Buna görə də, Paşinyanın hakimiyyətdən getməsi sabiqlərə ediləcək yatırımlar hesabına baş tutmayacaq. Ehtimal ki, belə bir variant varsa, yeni kadr elə Ermənistan hakimiyyətinin öz daxilində hazırlanır.
Ancaq Paşinyanın iqtidardan uzaqlaşdırılması ehtimalları zəif olaraq qalmaqdadır.
Səbəblərindən asılı olmayaraq, siyasi qüvvələr nisbətində Rusiyanın Qərbə uduzduğu görünməkdədir. Lakin Moskvanın Ermənistanda hərbi və iqtisadi portfeli doludur ki, bu da İrəvana təzyiq aləti kimi tətbiq olunur".