Mediada yayılan məlumata görə, “Bayraktar Teknoloji Azərbaycan” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Bununla da parkın rezidentlərinin sayı 39-a yüksəlib.
Bildirilir ki, “Bayraktar Teknoloji Azərbaycan” MMC qarşısında sənaye parkının ərazisində “Pilotsuz uçuş aparatları istehsalı” layihəsini həyata keçirmək mühüm vəzifə kimi qoyulub. Bu isə Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “Baykar” şirkəti arasında 2023-cü ildə imzalanan niyyət protokolunda respublikamızda pilotsuz uçuş aparatlarının birgə istehsalına dair əməkdaşlığı ilə gerçəkləşdirilib.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında investisiya portfeli 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən indiyədək sənaye parkına 5,5 milyard manatdan çox investisiya yatırılıb, 6200-dən çox insan daimi işlə təmin olunub. Həmçinin mövcud layihələr üzrə növbəti mərhələdə sənaye parkına əlavə olaraq 515 milyon manat investisiyanın yatırılması, 2700-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulub.
İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən, ümumilikdə, 14 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 5 milyard manatlıq hissəsi ixracın payına düşür. Cari ilin I rübü ərzində sənaye parkında 659 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 251 milyon manatlıq hissəsi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 14,2 faiz, ixrac isə 17,2 faiz artıb. Bu ilin I rübü ərzində Sumqayıt Kimya Sənaye Parkının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 13,5 faiz, ixracında isə 26,1 faiz təşkil edib.