AZ

SOS! Sosial şəbəkələrdə insan alveri - təhlükəni necə önləməli?

Ötən il sosial şəbəkələrdə fahişəliyə cəlbetmə maddəsi ilə 6 cinayət işi başladılıb. Bu, İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun 2024-cü il üçün hazırladığı illik məlumatda əksini tapıb.

Qeyd olunub ki, informasiya texnologiyalarının (“WhatsApp”, “TikTok”, “Instagram”, “Telegram” sosial şəbəkələrində) tətbiqi ilə törədilmiş 44 müvafiq fakt da aşkarlanaraq Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə 4, 243.1-ci (fahişəliyə cəlbetmə) maddəsi ilə 6, 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə 1 cinayət işi başlanıb.

Qeyd edək ki, İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Göründüyü kimi, sosial şəbəkələrdən həm də insan alveri üçün istifadə edilir. Son dövrlər xüsusən TikTok seqmentində bu cür çağırışlara rast gəlmək olar.

Mobil telefonunun nömrəsini qeyd edərək, intim xidmət təklif edənlər var. Hüquq-mühafizə orqanları müntəzəm olaraq bu hallara qarşı tədbirlər görür, lakin problem bununla həllini tapmır.

Daha hansı addımlar atılmasına zərurət var? Sosial şəbəkələrdə insan alverinin qarşısının alınması üçün hansı preventiv addımlar atılmalıdır?

Ümumən insan alveri və məcburi əmək qurbanlarının müəyyənləşdirilməsi, istismar hallarına yol verən şəxslər haqqında müvafiq məsuliyyət tədbirlərinin görülməsi məqsədilə xüsusi polis qurumu tərəfindən 2024-cü ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 161 (2023-cü illə müqayisədə 2 fakt çox) insan alveri və 1 (2023-cü illə müqayisədə 2 fakt az) məcburi əmək faktı, həmçinin insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 44 cinayət aşkarlanıb.

Bundan əlavə, insan alveri və məcburi əməklə bağlı olan cinayət işləri üzrə müəyyən edilmiş 91 insan alveri qurbanının (90-ı qadın, 1-i kişi) hamısı Azərbaycan Respublikasının vətəndaşı olub. Onlardan 53-ü Türkiyə Respublikasında, 35-i Birləşmiş Ərəb Əmirliklərində, 2-si Qətər dövlətində cinsi istismara, 1 nəfəri isə ölkə daxilində əmək istismarına məruz qalıb.

Qurbanlardan 12-si 18-25 yaş arası, 49-u 25-35 yaşlarında, 29-u 35 yaşdan yuxarı, habelə 19-u paytaxt, 72-si respublikanın digər şəhər və rayonlarının sakini, 78-i 2015-2023-cü illərdə, 13-ü isə 2024-cü ildə istismara məruz qalan şəxslər olub.

Mütəxəssislər qeyd edir ki, sosial şəbəkələrdə insan alveri ilə bağlı paylaşımların avtomatik aşkarlanması üçün süni intellekt əsaslı sistemlərin tətbiqi vacibdir. Hüquq-mühafizə orqanları ilə sosial media platformaları arasında əməkdaşlıq daha da gücləndirilməlidir.

Ən əsası, xüsusilə yeniyetmələr və gənclər arasında insan alverinin formaları, təhlükələri və müdafiə yolları haqqında maarifləndirici proqramlar hazırlanmalı, məktəblərdə və universitetlərdə bu barədə açıq müzakirələr təşkil olunmalıdır. İnformasiya texnologiyalarından istifadə qaydaları və rəqəmsal etikaya dair tədris proqramları orta və ali məktəblərin kurikulumuna daxil edilməlidir.

İnsan alverinə məruz qalanların əksəriyyəti sosial və iqtisadi baxımdan çətin durumda olan şəxslərdir. Onların məşğulluq və təhsil imkanlarının artırılması, reabilitasiya proqramları ilə təmin olunması vacibdir.

İnsan alveri problemi artıq real dünya ilə yanaşı, virtual aləmə də sıçrayıb. Bu isə hüquq-mühafizə orqanlarının, təhsil sisteminin, ictimai institutların və texnoloji platformaların ortaq fəaliyyətini zəruri edir. TikTok və İnstagram kimi platformalar təkcə əyləncə məkanı deyil, eyni zamanda insan alverçilərinin maskalanaraq fəaliyyət göstərdiyi meydanlara çevrilib.

Mehriban

Mehriban Zeynalova

Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İcitmai Birliyinin sədri Mehriban Zeynalova mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib: “Sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında rast gəlinən halların hamısı insan alveri kimi qiymətləndirilə bilməz. İnsan alverinin müəyyən olunmuş konkret meyarları var və yalnız bu meyarlara əsaslanaraq bir şəxsin insan alverinin qurbanı olub-olmaması müəyyən edilə bilər. Bəzi hallarda bu hadisələr daha çox fahişəliyə cəlb etmə ilə əlaqədardır və sərbəst şəkildə fahişəliklə məşğul olan şəxslərlə bağlıdır. Əgər həmin faktların tərkibində insan alverinə dair hüquqi meyarlar yoxdursa, bu zaman həmin hadisələr insan alveri cinayəti kimi deyil, digər müvafiq hüquqi çərçivədə qiymətləndirilir.

İkinci mühüm məsələ isə budur ki, Azərbaycan qanunvericiliyində rəqəmsal imkanlardan istifadə edilərək həyata keçirilən insan alveri hallarının araşdırılması ilə bağlı bəzi boşluqlar mövcuddur. Məsələn, narkotiklərlə bağlı və ya dələduzluq cinayətləri kimi hallarda rəqəmsal sübutların toplanması və analiz edilməsi çətinlik yaradır. Bu səbəbdən, qanunvericilik bazasının bu istiqamətdə təkmilləşdirilməsinə ehtiyac var ki, belə halların daha effektiv şəkildə araşdırılması mümkün olsun.

İnsan alverinə qarşı mübarizə üzrə Koordinasiya Şurası tərəfindən bu istiqamətdə təkliflər hazırlanıb. Hesab edirik ki, insan alverinin hüquqi meyarlarında müəyyən dəyişikliklər edilməlidir ki, bəzi hallar daha dəqiq və düzgün şəkildə insan alveri cinayəti kimi tanına bilsin. Lakin hazırda qüvvədə olan qanunvericilik buna tam imkan vermir. Bu səbəbdən də təkliflər hazırlanaraq aidiyyəti orqanlara təqdim olunub.

Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da rəqəmsal platformalar üzərindən insan alverinə, fahişəliyə cəlb etməyə, istismara və digər qanunsuz fəaliyyətlərə rast gəlinir. Bu baxımdan, ötən il sosial şəbəkələrdə bu tipli 6 faktın aşkarlanması mühüm göstəricidir. Əlbəttə, bu rəqəm problemin miqyası ilə müqayisədə az görünə bilər, lakin tendensiyanı göstərmək baxımından əhəmiyyətlidir.

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi öz hesabatında bildirmişdi ki, insan alveri cinayətləri ümumi cinayətlərin cəmi 0,1 faizini təşkil edir. Ancaq qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində bu göstəricilərin real vəziyyəti daha əhatəli əks etdirməsi mümkündür. Hazırda isə statistik baxımdan bu cinayətlər digər kateqoriyalarla müqayisədə azlıq təşkil edir.

Burada xüsusi olaraq bir məsələyə də diqqət çəkmək istərdim: bəzi hallarda ölkəmizdə fahişəlik halları insan alveri kimi təqdim olunur. Bu isə düzgün yanaşma deyil. Fahişəliyə cəlbetmə ilə bağlı Cinayət Məcəlləsində ayrıca maddə mövcuddur və son illərdə bu maddə daha da sərtləşdirilib. Bütün maarifləndirmə işlərinə baxmayaraq, hələ də fahişəliklə insan alveri eyniləşdirilir. Halbuki bu iki hal arasında ciddi fərqlər mövcuddur. İnsan alverində şəxsin öz iradəsinə zidd olaraq istismar edilməsi və burada gəlir əldə etmə niyyəti əsas meyardır. Fahişəlikdə isə şəxs öz iradəsi ilə bu fəaliyyəti həyata keçirir və əldə olunan gəlir birbaşa onun özünə çatır. Bu zaman hüquqi baxımdan məsələ insan alveri cinayəti kimi dəyərləndirilmir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Seçilən
0
50
musavat.com

10Mənbələr