"Mülki əhalini öldürməyə və yaralamağa son qoyun, bu qəddar mühasirəyə son qoyun, humanitar işçilərə insan həyatını xilas etməyə imkan verin..."
Çərşənbə axşamı Təhlükəsizlik Şurasının iclasında çıxış edən BMT baş katibinin humanitar məsələlər üzrə müavini və Fövqəladə Yardım üzrə Koordinatoru Tom Fletçer Qəzzada baş verənləri "XXI əsrin vəhşiliyi" adlandırıb.
Moderator.az xəbər verir ki, bu barədə "un.org" nəşri məlumat yayıb.
"İsrail işğal olunmuş Fələstin ərazilərində mülki əhaliyə qarşı qəsdən və utanmadan qeyri-insani şərait yaradır, - Fletçer Şura üzvlərinə bildirib. "Artıq on həftədən çoxdur ki, Qəzzaya nə ərzaq, nə dərman, nə su, nə də çadır daxil olub".
Həyat üçün təhdidlər
"Siz onların həyatını xilas edə biləcək ərzağın çatdırılmasını maliyyələşdirməyinizə baxmayaraq", Qəzzanın 2,1 milyon sakini tammiqyaslı aclıq təhlükəsi ilə üz-üzədir, hər beş nəfərdən biri isə acından ölmək riski daşıyır, - Fletçer dünya liderlərinə müraciət edib.
O, bildirib ki, bombardmanlardan sağ çıxmış azsaylı xəstəxanalar doludur, sağ qalan tibb işçiləri isə nə yaralılara, nə də xəstəliklərin yayılmasına qarşı mübarizəyə çatdırırlar. Qəzzaya etdiyi səfər zamanı gördüyü fəlakətli vəziyyəti təsvir edən Fletçer bir tibb bacısının sözlərindən iqtibas gətirib: "Biz uşaqların dərisindən yanmış paltar parçalarını qoparanda onlar qışqırır..."
Humanitar prinsiplər
Fletçer İsrailin təklif etdiyi yardım bölgüsü sistemini tənqid edib. BMT nümayəndəsi vurğulayıb ki, bu planın həyata keçirilməsi Qəzzada bir çox insana - əlillərə, qadınlara, uşaqlara, yaşlılara və yaralılara humanitar yardımın çatmasını mümkünsüz edəcək, aclığı isə siyasi alətə çevirəcək.
Təcili tədbirlərə çağıran Fletçer bildirib ki, BMT və onun tərəfdaşları Qəzzada fəaliyyətlərini bərpa etməyə can atır - humanistlik, qərəzsizlik, müstəqillik və neytrallıq kimi əsas humanitar prinsiplərə uyğun olaraq.
Beynəlxalq hüquq pozuntuları
İordan çayının Qərb sahilindəki vəziyyətə toxunan Fletçer orada zorakılığın artmasını pisləyib və bu bölgədəki durumu "son onilliklərin ən pis vəziyyəti" adlandırıb.
O, evlərin sökülməsinə, yaşayış məntəqələrinin qeyri-qanuni genişləndirilməsinə və bəzən İsrail qüvvələrinin dəstəyi ilə baş verən məskunlaşanların hücumlarına diqqət çəkib. Xüsusilə, Fletçer bir hadisədən danışıb: məskunlaşanlar 13 yaşlı bir qızı və onun 3 yaşlı qardaşını oğurlayaraq ağaca bağlayıblar.
Aclıqdan silah kimi istifadə hərbi cinayətdir
Bütün tərəfləri beynəlxalq hüquqa riayət etməyə çağıran Fletçer İsrail hakimiyyətinə səslənib: "Mülki əhalini öldürməyə və yaralamağa son qoyun. Bu qəddar mühasirəyə son qoyun. Humanitar işçilərə insan həyatını xilas etməyə imkan verin".
O, həmçinin HƏMAS və digər fələstinli silahlı qruplara müraciət edərək, bütün girovları dərhal və qeyd-şərtsiz azad etməyə, mülki şəxsləri hərbi əməliyyatlar zamanı təhlükəyə atmamağa çağırıb. "Gələcək nəsillər bu zalda əyləşən bizləri baş verənlərə görə məsuliyyətə cəlb edəcək. Və biz bu məhkəmədən qorxmalıyıq", - BMT nümayəndəsi deyib.