Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 4-cü beynəlxalq konfrans (PLMO 2025) öz işinə başlayıb. \
"Unikal" xəbər verir ki, konfransın açılış mərasimi AMEA-nın müşaviri və İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, akademik Telman Əliyevin 90 illik yubileyinə həsr olunub.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan elmi ictimaiyyətinin görkəmli nümayəndələrini, həmçinin dünyanın müxtəlif qabaqcıl ölkələrindən şəxsən təşrif buyurmuş alimləri salamlayaraq bu qəbil mötəbər tədbirlərin keçirilməsinin önəmini qeyd edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrasından irəli gələrək AMEA-da keçirilən tədbirlərin istiqamətlərindən biri də akademiyanın tarixi və müasir inkişaf yolunda mühüm rol oynayan alimlərin yubileylərinin qeyd olunması ilə bağlıdır. O, akademik Telman Əliyevin 90 illik yubileyinin beynəlxalq konfrans çərçivəsində qeyd olunmasının ölkə rəhbərliyi və dünya elmi ictimaiyyəti tərəfindən görkəmli alimə göstərilən xüsusi ehtiramın ifadəsi olduğunu qeyd edib.
Akademik Telman Əliyevin həyat fəaliyyəti və zəngin elmi irsinə nəzər salan İ.Həbibbəyli onun Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətindəki misilsiz xidmətlərindən, o cümlədən informatika və kibernetika elmlərinin inkişafına bəxş etdiyi dəyərli töhfələrdən söz açıb. Qeyd edib ki, mənalı ömür yolunu elmə həsr etmiş T.Əliyevin 80 illik tarixə malik Azərbaycan Milli Elmlər Akademiyasının, həmçinin İdarəetmə Sistemləri İnstitutunun inkişaf tarixində müstəsna xidmətləri olmuşdur. Xüsusilə də instituta rəhbərlik etdiyi 1988-2020-ci illərdə elmi müəssisədə fundamental tədqiqatlar aparılmış, böyük nailiyyətlərə imza atılmışdır.
Bildirib ki, T.Əliyevin rəhbərliyi ilə ötən əsrin ortalarında Elektron hesablama maşınları laboratoriyasının əsası qoyulub, elmi mərkəz yaradılaraq bu sahədə uzun illər ardıcıl tədqiqatlar uğurla davam etdirilib. Novator alimin rəhbərliyi ilə XX əsrin 70-80-ci illərində siqnalların küy analizi sahəsində aparılan mühüm elmi tədqiqatlar nəticəsində Azərbaycan elminin sərhədləri genişləndirilib, keçmiş SSRİ və onun hüdudlarından kənarda böyük nüfuz qazanılıb. Akademik tərəfindən həyata keçirilən tədqiqatlar yalnız nəzəri deyil, həm də praktiki baxımdan mühüm rol oynayır, əldə olunan elmi nəticələr müxtəlif dövlət əhəmiyyətli qurumlarda və özəl sektorda uzun illərdir uğurla tətbiq olunur.
Çıxışının sonunda akademik T.Əliyevin nəcib insani keyfiyyətlərindən bəhs edən İ.Həbibbəyli yubilyarı AR Elm və təhsil naziri cənab Emin Əmrullayev və AMEA Rəyasət Heyəti adından təbrik edib, ona cansağlığı və yeni elmi müvəffəqiyyətlər arzu edib.
Sonra İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov məruzə ilə çıxış edərək görkəmli alim, akademik Telman Əliyevi yubileyi münasibətilə təbrik edib, onun uzunillik səmərəli elmi fəaliyyətinə ətraflı şəkildə nəzər salıb. O, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə SSRİ Elmlər Akademiyasının prezidenti, akademik M.Keldışın Azərbaycana gəlməsi və ölkəmizə ilk böyük BESM-6 elektron hesablama maşınının gətirilməsində akademik Telman Əliyevin aktiv iştirakından söz açıb, bunun nəticəsində ölkədə proqramlaşdırma, avtomatika, tətbiqi riyaziyyat, kibernetika və digər sahələrdə sürətli inkişafa nail olunduğunu bildirib.
Kibernetika, informatika və fizikanın kəsişməsində aparılmış bir sıra fundamental işlərin müəllifi olan T.Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 500 obyektində dərinlik neftçıxarma avadanlıqlarının məsafədən diaqnostikasını və idarə edilməsini təmin edən, rentabelliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verən yeni nəsil “robast noise” monitorinq və idarəetmə sistemi tətbiq edilmişdir. Akademik tərəfindən həyata keçirilən fundamental tədqiqatların nəticələri yalnız postsovet ölkələrində deyil, həm də Yaponiya, Almaniya, Türkiyə, Kanada və İspaniya kimi qabaqcıl ölkələrdə strateji obyektlərin texniki diaqnostikasında uğurla tətbiq olunur.
T.Əliyevin nailiyyətlərindən söz açan Ə.Abbasov bildirib ki, onun 1991-ci ildə M.V.Keldış adına qızıl medal, 2004-cü ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni, 2009-cu ildə “Əməkdar elm xadimi” adı, 2015-ci ildə N.Tusi adına mükafat, 2018-ci ildə akademik Azad Mirzəcanzadə adına beynəlxalq gümüş medal, 2024-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı və Azərbaycan Respublikası Ağsaqqallar Şurasının Döş nişanı və AMEA-nın bir neçə Fəxri Fərmanı ilə təltif olunması məhsuldar elmi, elmi-təşkilati, ictmai və pedaqoji fəaliyyətinin dövlət rəhbərliyi və dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməsinin bariz göstəricisidir.
Əsas elmi nailiyyətləri məhz akademik Telman Əliyevin adı ilə bağlı olan zəngin tarixə malik İdarəetmə Sistemləri İnstitutunda həyata keçirilən elmi tədqiqatlardan bəhs edən Ə.Abbasov texnoloji proseslərin nəzarət və idarə olunmasında institut və Xüsusi Konstruktor Bürosunda işlənib hazırlanmış SCADA sistemi, Pilotsuz Uçuş Aparatlarının idarəetmə sisteminin texniki və proqram təminatının işlənib hazırlanması və süni intellekt texnologiyalarına əsaslanan, Azərbaycan dili modeli əsasında işləyən virtual köməkçi sistemi barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd edib ki, institutda ölkə başçısının elm və təhsil sahələrinə dair fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrası istiqamətində “Universitet-Dövlət-Sənaye” modeli əsasında əməli tədbirlər həyata keçirilir.
Çıxışının sonunda beynəlxalq konfransın təşkilində göstərilən dəstəyə görə AR Elm və Təhsil Nazirliyi və AMEA Rəyasət Heyətinə təşəkkürünü ifadə edən Ə.Abbasov T.Əliyevi bir daha təbrik edib, ona İdarəetmə Sistemləri İnstitutunun Fəxri Fərmanını və akademikin 90 illik yubileyinə həsr olunmuş kitabı təqdim edib.
Daha sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi, akademik Asəf Hacıyev onlayn rejimdə çıxış edərək unikal alim, akademik T.Əliyevin yüksək insani keyfiyyətlərindən, müdrik idarəçilik qabiliyyətindən söz açıb, öz xatirələrini bölüşüb. İnformatika və kibernetika sahələrində apardığı multidissiplinar elmi tədqiqatları sayəsində gənclərin qabaqcıl elmi sahələrə cəlb olunmasında misilsiz xidmətləri olan T.Əliyevi yubileyi münasibətilə təbrik edən A.Hacıyev beynəlxalq konfransa öz işində uğurlar arzu edib.
Konfransda çıxış edən AMEA-nın vitse-prezidenti, FRTEB-in Elmi şurasının sədri, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev dəyərli alim, akademik Telman Əliyevi bölmə adından təbrik edib, onun elmi və elmi-təşkilatı fəaliyyətindən söz açıb. Qeyd edib ki, T.Əliyevin rəhbərliyi ilə hələ ötən əsrin 50-ci illərində analoq maşınlardan rəqəmsal maşınlara keçid edilərək ölkədə rəqəmsal texnologiyaların əsası qoyulub, Azərbaycan elminin hüdudları genişləndirilib. Məhsuldar elmi fəaliyyətində üzləşdiyi müxtəlif maneələrə baxmayaraq T.Əliyev elmdə novator rolunu oynayıb, elmi nəzəriyyələrin yaradılması və elmin kommersiyalaşdırılması sahəsində müstəsna xidmətlər göstərib. Bu əlamətdar günün təkcə T.Əliyevin deyil, həm də ölkədə informatika və kibernetika elmlərinin yubileyi olduğunu bildirən R.Əliquliyev onun beynəlxalq səviyyədə tanınmış elmi məktəbindən söz açıb, yubileyi münasibətilə təbrik edib.
Sonra Milli Aviasiya Akademiyasının prorektoru Ədalət Səmədov akademiyanın rektoru, akademik Arif Paşayevin akademik Telman Əliyevə yubileyi münasibətilə ünvanladığı təbrik məktubunu səsləndirib.
Daha sonra AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Gürcüstan Maşın Mexanikası İnstitutunun direktoru, akademik Tamaz Natriaşvili, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, AR Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə, Springer nəşriyyatının Vitse-prezidenti Aleksandr Birukou, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Polşanın Sileziya Texnologiya Universitetinin prorektoru, “Nəqliyyat problemləri” beynəlxalq elmi jurnalının baş redaktoru, professor Aleksandr Sladkovski, Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova, Nobel sülh mükafatı laureatı Bəxtiyar Siracov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Texniki Universitetinin rektoru Vəliyev Vilayət, Sumqayıt Dövlət Universitetinin rektoru Əminağa Sadıqov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Daşkənd Dövlət Nəqliyyat Universitetinin nümayəndələri Rustam Rahimov və Matluba Khadzhimukhametova çıxış ediblər. Natiqlər T.Əliyevin zəngin elmi fəaliyyəti və nəcib insani keyfiyyətlərindən söz açıb, Azərbaycan elminin inkişafı istiqamətində müvəffəqiyyətlər arzu ediblər.
Sonda çıxış edən akademik Telman Əliyev ölkədə informatika və kibernetika sahələrinin inkişafında rol oynamış görkəmli şəxslərdən söz açıb, göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə və AMEA Rəyasət Heyətinə təşəkkürünü ifadə edib.
Qeyd edək ki, üç gün davam edəcək beynəlxalq konfrans AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu (İSİ), Polşanın Sileziya Texnologiya Universiteti, Çinin Quançjou Universiteti, Gürcüstan Texniki Universiteti, Özbəkistanın Daşkənd Dövlət Nəqliyyat Universiteti və Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə hibrid formatda keçirilir. Geniş coğrafi arealı əhatə edən konfransda Azərbaycan elmi ictimaiyyətinin nümayəndələri, həmçinin Polşa, İtaliya, Gürcüstan, Almaniya, Ukrayna, Rumıniya, Litva, Bolqarıstan, Özbəkistan və Qazaxıstanın alim və tədqiqatçıları iştirak edirlər.
Sonra konfrans öz işinə plenar sessiya və seksiyalarla davam edib. Konfransın bağlanış sessiyası isə Gəncə şəhərində konfransın təşkilatçılarından biri olan Azərbaycan Texnologiya Universitetində keçiriləcəkdir.