Məlumdur ki, bu gün Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən biri neokolonializmlə mübarizədir. Uzun illər haqsızlığa məruz qalan, haqqı tapdanan xalqları rəsmi Bakı müdafiə edir, onların azadlıqları üçün genişmiqyaslı fəaliyyət göstərir. Sözügedən istiqamətdə atılan mühüm addımlardan biri 2023-cü ildə Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması olub.
Hazırda Bakı Təşəbbüs Qrupunun fəaliyyəti genişmiqyaslı xarakterə malikdir. Qrup dünya boyu müstəmləkəçiliyi, o cümlədən Fransanın bu müstəvidə qanlı fəlaiyyətini uğurla ifşa edir. İtaliyanın paytaxtı Romada Bakı Təşəbbüs Qrupunun və Korsikanın müstəqilliyi uğurunda mübarizə aparan “Nazione” Hərəkatının birgə təşkilatçılığı ilə “Milli kimlik, müqavimət və suverenlik: Korsika üçün perspektivlər” adlı tematik konfrans da bu fonda daha bir mühüm addımdır. Konfrans çərçivəsində “Nazione” Hərəkatının üzvləri Fransa müstəmləkə siyasətindən əziyyət çəkən Korsika xalqının qarşılaşdığı əsas çağırışlar - Korsika milli kimliyinin və Korsika dilinin Fransa hökuməti tərəfindən məqsədli şəkildə assimilyasiya edilməsi siyasətini kəskin pisləyib, eləcə də qarşılaşdıqları iqtisadi və sosial diskriminasiya faktlarını diqqətə çatdırıblar.
“Nazione” Hərəkatının gənclər bölməsinin rəhbəri Kilianu Beqliomini çıxışını Korsika xalqının milli kimliyində böyük rol oynayan Korsika dilinə həsr edərək korsikalı yazıçı Lisandru Bassaninin “Korsika dili Korsika xalqının milli kimliyinin məbədidir” fikrini səsləndirib. O, Korsika xalqının öz ana dilində danışmaq istəyinin kolonial Fransa tərəfindən qarşısının alındığını vurğulayaraq beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətini cəlb etmək üçün beynəlxalq mexanizmlərə müraciət edildiyini bildirib. Hərəkatın üzvləri Terri Kasolasko və Jan-Filip Antolini Korsika xalqının müqaviməti haqqında danışaraq vəziyyətin belə davam edəcəyi təqdirdə minillik tarixi olan Korsika xalqının tarixdən silinəcəyini bildirib. Çıxış edənlər Fransa hüquq mühafizə orqanlarının diktəsi ilə adada fəaliyyət göstərən qeyri-rəsmi dəstələr vasitəsilə Korsika xalqının müstəqilliyi uğurunda mübarizə aparan şəxslərin qətlə yetirilməsi cəhdləri və həmin xidmətin əməkdaşlarının medallarla təltif edildikləri barədə danışıblar. “Nazione” Hərəkatının beynəlxalq bölməsinin rəhbəri Fransois Benedetti müstəqil Korsikanın 1755-ci il tarixli Konstitusiyasına istinad edərək “Qanuni əsasda özünün yiyəsi olan Korsika xalqı…” ifadəsini xatırladıb. O, adanın 1769-cu ildə Fransa tərəfindən işğal olunduğunu qeyd edərək Korsika xalqının öz müstəqilliyini bərpa etmək istəyinin müzakirə obyekti olmadığını bildirib, “Nazione” Hərəkatının bu istiqamətdə mübarizəsini davam edəcəyini deyib. O, hazırda əsas hədəfin Korsikanın BMT-nin dekolonizasiya edilməli olan əraziləri siyahısına daxil edilməsinin olduğunu bildirib və BTQ-dən bu istiqamətdə dəstək göstərilməsini xahiş edib. Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov məsələ ilə bağlı bildirib: “Korsika xalqı milli kimliyinin və Korsika dilinin rəsmi statusunun tanınması üçün mübarizə aparır. Təəssüf ki, Fransa hökuməti həm Korsikanın milli kimliyini, həm də Korsika dilini qəbul etmək istəmir”.
O xatırladıb ki, BTQ Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsikanın milli müqavimət hərəkatı olan “Nazione” Hərəkatı ilə birgə Romada tematik konfrans keçirib. Konfrans Korsikanın milli kimlik və dil məsələlərinə həsr olundu. Bu, Bakı Təşəbbüs Qrupunun dekolonizasiya prosesinə töhfə vermək məqsədilə keçirdiyi 26-cı beynəlxalq konfransdır: “Təəssüf ki, Korsika dili UNESCO tərəfindən artıq unudulan dillər siyahısına keçirilir. “Nazione” hərəkatı da artıq bir neçə ildir ki, bununla bağlı mübarizə aparır. Çünki onların əhalisinin əksər hissəsi Korsika dilində danışır. Məqsəd Fransa hökuməti tərəfindən verilmiş muxtariyyətin bir hissəsi kimi milli kimliyin və dilin tanınmasına nail olmaqdır. Təəssüf ki, Fransa hökuməti həm Korsikanın milli kimliyini, həm də Korsika dilini qəbul etmir. Bununla bağlı Fransa hökumətinin rəsmiləri beynəlxalq ictimaiyyətə kifayət qədər bir-birlərini təkzib edən məlumatlar paylaşırlar. Onlar əvvəllər qeyd edirdilər ki, Fransa daxilində Korsikaya müəyyən bir suverenlik və muxtariyyət veriləcək. Lakin son illər müşahidə edirik ki, Fransa tərəfi nə Korsika dilini, nə də bu xalqı və onun milli kimliyini tanımaq istəyir”. Konfrans zamanı Bakı Təşəbbüs Qrupu və “Nazione” Hərəkatı arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən, BTQ və “Nazione” koloniliazm və neokolonializmə qarşı mübarizə aparmaq və insan hüquqlarının müdafiəsi məsələsində əməkdaşlıq etməyə dair razılığa gəliblər. Bu məqsədlə tərəflər müştərək təşəbbüslər həyata keçirəcəklər. Bundan əlavə, BTQ və “Nazione” beynəlxalq platformalarda birgə addımlar atacaq. Hesab olunur ki, bu hal Fransa müstəmləkəçiliyinə növbəti mühüm zərbədir. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir. Bu fonda ölkəmizin siyasəti ondan ibarətdir ki, dünyada beynəlxalq hüquq, ədalət prinsipləri öz yerini tapmalıdır. Fransa müstəmləkəçilik siyasətindən imtina etməli, bütün xalqlar azad şəkildə yaşamalı və öz fəaliyyətləri ilə bəşəriyyətə töhfə verməlidirlər. O da mühüm faktdır ki, transformasiyalar dövrünü yaşayan Avropada aparıcı dövlət iddialarından çıxış edən Fransa bir çox məsələlərdə açıq-aşkar mühafizəkarıq edir. Ölkənin təxminən beş yüz illik qanlı tarixə malik müstəmləkəçilk siyasətindən hələ də ciddi-cəhdlər göstərərək əl çəkməməsi buna əyani sübutdur. Amma Azərbaycan sayəsində bu siyasət dünya boyu ifşa edilir.
Tahir TAĞIYEV