AZ

Kollec məzunlarının müəllim işləməsinə son qoyuldu...


Ramin Nurəliyev: “Azərbaycan cəmiyyətində kollec məzunlarının əmək bazarına daxil olması çox çətindir”

Kollec bitirən şəxslərin məktəbəqədər təhsil müəssisələrinə və məktəbəqədər hazırlıq qruplarına müəllim və ya tərbiyəçi kimi işə qəbul olunması praktik olaraq dayandırılıb. Artıq kollec məzunlarının diplomları pedaqoji sahələrdə işə qəbul prosesi zamanı yetərli sayılmır. Ancaq əvvəllər kolleclərin məktəbəqədər təhsil ixtisasını bitirənlər rahat şəkildə dövlət və ya özəl bağçalarda iş tapa bilirdilər.

Onu da bildirək ki, bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev məsələyə münasibətində müəllim hazırlığının yalnız ali təhsil müəssisələrinin səlahiyyətində olmasının zəruriliyini vurğulamışdı. Onun sözlərinə görə, kolleclərdə pedaqoji hazırlığın keyfiyyət səviyyəsi gözləntiləri qarşılamır və bu səbəbdən belə ixtisasların universitetlərdə cəmlənməsi daha məqsədəuyğundur. Bu yanaşma həm də müəllim peşəsinin peşəkarlıq səviyyəsini yüksəltmək məqsədi daşıyır: “Kolleclərdə bəzi fənlər üzrə hazırlıq onsuz da aparılmırdı. Məsələn, kimya, fizika, biologiya və riyaziyyat müəllimləri ali təhsil müəssisələrində hazırlanır. Kolleclərdə isə əsasən ibtidai sinif, musiqi, təsviri incəsənət və digər fənn müəllimləri hazırlanır. Kolleclərdə ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığı da məhdudlaşdırılacaq. Gələcəkdə orta ixtisas təhsilli mütəxəssislərin bağçalarda işləməsinə icazə verilməyəcək”.

Maraqlıdır, bu vaxta qədər kollec diplomu olanlar nə etməlidirlər?

“Kollec ixtisaslarının 80 faizi əmək bazarında tələb olunmur və ya yalnız kollec diplomu olduğu üçün işə qəbul edilmir”

Təhsil eksperti Ramin Nurəliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hər il universitetə qəbul ola bilməyən 50 min abituriyent kollecə müraciət edir. Bunlardan 20-30 min nəfəri kolleclərə qəbul olunur. Lakin kolleclərdə bəzi ixtisaslar var ki, onları oxumağın heç bir faydası yoxdur: “Bu gün əksər işəgötürənlər kollec məzunlarını işə götürmək istəmir, çünki kolleclərdəki ixtisasların, demək olar ki, hamısının daha yüksək səviyyəli ali təhsil variantları mövcuddur. Kollec təhsili əslində universitetə gedən bir yol kimi görülməlidir. Məhz buna görə 2012-ci ildən etibarən kollec məzunlarına subbakalavr dərəcəsi verilir və bu dərəcə ilə universitetlərə imtahansız qəbul imkanı yaradılıb. Lakin Azərbaycan cəmiyyətində kollec məzunlarının əmək bazarına daxil olması çox çətindir. Əksər işəgötürənlər kollec məzunlarını işə götürmək istəmir, çünki kolleclərdəki ixtisasların əksəriyyəti daha yüksək səviyyəli ali təhsil proqramları ilə əvəz oluna bilər. Buna görə də işəgötürənlər haqlı olaraq ali təhsil diplomuna üstünlük verirlər. Bu məsələnin tənzimlənməsi üçün sistemdə dəyişikliklər edilməlidir”.

Ekspert hesab edir ki, 9-cu sinifdə müəyyən potensiala malik olan şagirdlərin kollecə qəbulu düzgün deyil: “Zəif potensialı olan, xüsusilə də qız abituriyentlər üçün bəzi istisnalar ola bilər. Lakin yüksək potensialı olan bir abituriyentin kollec oxuması onun gələcək karyerasını məhdudlaşdırır. Kollec ixtisaslarının 80 faizi əmək bazarında tələb olunmur və ya yalnız kollec diplomu olduğu üçün işə qəbul edilmir. Hazırda yüzlərlə kollec məzunu yalnız bakalavr təhsili olmadığına görə əmək bazarına daxil ola bilmir”.

Günel CƏLİLOVA

Seçilən
0
5
baki-xeber.com

7Mənbələr