AZ

Türkiyədə Ərdoğan-Tramp-Putin görüşü: Dünya yeni mərhələnin astanasında

Dünyanın diqqəti yenidən Türkiyəyə yönəlib. Belə ki, mayın 15-də İstanbulda Rusiya-Ukrayna arasında sülh danışıqlarının növbəti raundu keçiriləcək. Bütün maraqlı tərəflər bu görüşə çox böyük ümid bəsləyirlər.

İlk olaraq ona görə ki, bu təkliflə Rusiya prezident Vladimir Putin çıxış edib.

Putin təklif edib ki, danışıqlar ləngimədən, gələn cümə axşamı, mayın 15-də İstanbulda əvvəllər keçirildiyi və dayandırıldığı yerdən başlansın: “Məlum olduğu kimi, türkiyəli həmkarlarımız dəfələrlə belə danışıqların təşkilində kömək təklif ediblər və Prezident Ərdoğan onların təşkili üçün çox iş görüb. Mən ondan Türkiyədə danışıqların keçirilməsi üçün belə bir imkan yaratmasını xahiş etmək istəyirəm”, – Putin söyləyib.

Kremlin bu təklifi ABŞ və Avropa ölkələri tərəfindən də müsbət qarşılanıb. 

Ukrayna prezidenti Volodimir Zelenski mayın 15-də İstanbula səfər edəcəyini və orada Putini gözləyəcəyini bəyan edib.

Hazırda İstanbul danışıqlarının hazırlanması, müzakirə olunacaq məsələlərin gündəliyi və yekunda müsbət nəticənin əldə olunması istiqamətində diplomatik kanallar vasitəsilə çox sıx danışıqlar prosesi getməkdədir. 

Tədbirə Türkiyə ev sahibliyi etdiyindən Ankara davamlı olaraq Ağ Ev, Moskva, Avropa və digər ölkələrlə sıx təmasdadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makronla telefon danışıqları olub və məsələ ciddi şəkildə müzakirə edilib. Bundan əlavə olaraq, Türkiyə xarici işlər naziri Hakan Fidanın ABŞ Dövlər katibi Marko Rubio və RF XİN başçısı Sergey Lavrovla telefon danışıqları olub.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof “Breitbart”a müsahibəsində deyib ki, Putinin razılığı və imzası olmadan Ukrayna üzrə sülh sazişi ola bilməz.

Uitkof Kremli sülhə vadar etmək üçün təhdid diplomatiyası dilindən istifadə edərək əlavə edib ki, Birləşmiş Ştatlar danışıqlardan geri çəkilərsə, bu, bütün tərəflər üçün pis nəticə olacaq. 
Putinin İstanbula səfərlə bağlı yekun qərarı olmasa da, böyük ehtimalla səfər edəcəyi gözlənilir.

İstanbul görüşünün yekununda müsbət nəticə əldə olunması barədə ilkin razılıq olarsa və Rusiya Prezidenti Vladimir Putinin də toplantıda iştirak qərarı verərsə, o zaman  ABŞ prezidenti Donald Trampın da İstanbula səfəri reallaşacaq. Artıq Tramp bunun anonsunu verib. Tramp hələ ötən həftə açıqlamalarında Putinlə tezliklə görüşəcəyini və bunun Yaxın Şərqə turnesi çərçivəsində mümkün olduğunun anonsunu verib.

“Sky News”in məlumatına görə, ABŞ prezidenti Donald Tramp bu cümə axşamı Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında sülh danışıqlarının keçirilə biləcəyi Türkiyəyə səfər etməyi düşündüyünü bildirib. "Mən uçmağı düşünürdüm. Cümə axşamı harada olacağımı bilmirəm. Çoxlu görüşlərim var. Düşünürəm ki, nəyinsə baş verə biləcəyini düşünsəm, ehtimal var", - Tramp bazar ertəsi mediaya açıqlamasında deyib.

Ukrayna Prezidenti Volodimir Zelenski də Trampın nəzərdə tutulan İstanbul görüşündə iştirakında maraqlıdır.

"Mən prezident Trampı Putinlə birbaşa danışıqlar ideyasında dəstəklədim. Görüşə hazır olduğumu açıq şəkildə bildirdim. Təbii ki, Prezident Tramp Türkiyədəki bu görüşdə bizimlə birlikdə ola bilsə, Ukraynada hamımız minnətdar olarıq", - Zelenski qeyd edib.

Buna baxmayaraq, Rusiya tərəfi hələlik Prezident Putinin iştirakı planını açıqlamayıb.

Kremlin sözçüsü Dmitri Peskov məsələ ilə bağlı mövqeyini açıqlayaraq deyib ki, ciddi şəkildə uzunmüddətli sülh yolu ilə nizamlanmaya nail olmaq yollarını axtarmağa qərarlıdırılar: “Hamısı budur".

Əgər Putin cümə günü nəzərdə tutulan görüşdə iştirakına qərar verərsə, o zaman Trampın İstanbul səfəri və Ərdoğan-Tramp-Putin Zirvə görüşü də reallaşacaq. 

Razılıq olarsa, hətta Avropa ölkələrinin hər hansı liderinin Zirvə görüşündə iştirakı da istisna edilmir.

ABŞ prezidenti Tramp bazar ertəsi verdiyi açıqlamada təsadüfən qeyd etməyib ki, cümə axşamı Türkiyədə keçiriləcək görüşü qeyri-ciddiyə almayın İstanbula gedə bilər, Prezident Ərdoğan böyük bir toplantıya ev sahibliyi edəcək.

İstanbulda belə bir görüş tutub razılıq əldə olunarsa, bu təkcə Rusiya-Ukrayna savaşında deyil, ümumiyyətlə, qlobal geosiyasi proseslərin düzənində yeni bir mərhələnin başlanğıcı olacaq.

Mürtəza
Ölkə.az

Seçilən
0
50
olke.az

10Mənbələr