AZ

UEFA avrokubokların final matçlarının hakimlərini açıqladı

Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2024/2025-ci illər mövsümünün final oyununun hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qitənin bir nömrəli klub turnirinin cari mövsümünün final qarşılaşması rumıniyalı hakimlər briqadasına tapşırılıb. Fransanın PSJ və İtaliyanın “İnter” komandaları arasında baş tutacaq həlledici oyunu İştvan Kovaç idarə edəcək. Ona yan xətt hakimləri Mixay Marika və Ferens Tunyoqi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Juan Pineyro (Portuqaliya) yerinə yetirəcək. Dennis Hiqler (Niderland) və köməkçisi Katalin Popa (Rumıniya) isə VAR hakimi olacaqlar.

UEFA Çempionlar Liqasının final oyunu mayın 31-də Münhenin “Alyans Arena” stadionunda baş tutacaq.

Avropa Liqasında cari mövsümün final matçının hakimləri məlumdur. İngiltərənin “Mançester Yunayted” və “Tottenhem” komandaları arasında təşkil olunacaq qarşılaşmanı Almaniyadan olan ədalət təmsilçiləri idarə edəcəklər. Oyunun baş hakimi Feliks Svayer olacaq. Ona Robert Kempter və Kristian Dits kömək edəcəklər.

Qeyd edək ki, həlledici matç mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda keçiriləcək.

Avropa Konfrans Liqasının finalında keçiriləcək “Betis” (İspaniya) – “Çelsi” (İngiltərə) matçının da hakimləri bəlli olub. Bu oyunu İrfan Peltonun (Bosniya və Herseqovina) rəhbərlik edəcəyi hakimlər briqadası idarə edəcək. Ona yan xətdə Senad İbrisimbeqoviç və Davor Belyo kömək edəcəklər. Dördüncü hakim funksiyasını türkiyəli Halil Umut Meler yerinə yetirəcək.

Mayın 28-də Polşanın Vrotslav şəhərindəki eyniadlı arenada keçiriləcək həlledici qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Seçilən
0
50
arena.az

10Mənbələr