Azərbaycan paralimpiyaçısı Polad Rzayev Everest zirvəsini fəth etməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, hər iki ayağını itirmiş qazimiz bu barədə "Anadolu" agentliyinə açıqlama verib.
Bir layihəmiz var, Everest. Mən dünyaya həyatla mübarizə yolları haqqında danışmaq və göstərmək istəyirəm ki, insanlar mübarizə apardıqca həmişə həyatın müəyyən bir nöqtəsinə çatırlar. "Everestə dırmaşmaq və oradan dünyaya salam demək.
Everest zirvəsinə qalxaraq, "Dünya hamıya bəsdir, sülh içində yaşayaq. Dünya heç kimə qalmaz. Özünüzü, ətrafınızdakı insanları və təbiəti sevin və sülh içində yaşayın" deyə mesaj vermək istəyirəm", - deyə Rzayev bildirib.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) ehtiyatda olan zabiti Polad Rzayev Vətən müharibəsinin iştirakçısıdır. P.Rzayev “Azərbaycan bayrağı”, “Şücaətə görə” ordenlərinə, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.