Mayın 12-də Bişkekdə yerləşən Qırğız Milli Universitetində (QMU) böyük qırğız şairi Alıqul Osmonovun anadan olmasının 110 illiyinə və universitetin 100 illiyinə həsr olunmuş beynəlxalq forum keçirilib.
Modern.az xəbər verir ki, “Əgər özümə bir əsr sonradan baxsam...” adlı tədbirin əsas məqsədi Osmonovun yaradıcılığının türk dünyasında və yeni nəsillər arasında təbliği olub.
Forumda təhsil, mədəniyyət və ədəbiyyat sahəsində fəaliyyət göstərən alimlər, pedaqoqlar və dövlət rəsmiləri iştirak ediblər. Tədbirdə çıxış edən Qırğız Milli Universitetinin Türk İrsi Mərkəzinin rəhbəri, hüquq elmləri doktoru, professor və Qırğızıstanın Azərbaycandakı və Gürcüstandakı sabiq səfiri Kayrat Osmonaliyev Osmonovun yaradıcılığının artıq türk dünyası poeziyasının klassikası kimi qəbul olunduğunu bildirib.
Osmonaliyev qeyd edib ki, Osmonovun əsərlərinin xaricdə tanıdılması istiqamətində 2024-cü ildə Azərbaycanlı şair və manasşünas Adil Cəmil tərəfindən onun 86 lirik şeiri Azərbaycan dilinə tərcümə olunub. Şeirlər iki dildə – qırğız və azərbaycan dillərində kitab şəklində çap olunaraq, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən dəstəklənib. Kitab həm Azərbaycan mədəniyyət günləri çərçivəsində Bakıda, həm də noyabrda Bişkekdə təqdim edilib.
Bundan əlavə, Adil Cəmilin Osmonovun yaradıcılığına həsr etdiyi "Alıqqul – qırğız poeziyasının parlaq zirvəsi" adlı ikidilli (Azərbaycan və rus dillərində) monoqrafik araşdırması da Bakıda öz hesabına çap olunub. Kitabın bu ilin payızında Bişkekdə təqdim olunacağı gözlənilir.
Forum çərçivəsində Qırğız filologiyası fakültəsinin tələbələri və "Gənc dalğalar" ədəbi dərnəyinin üzvləri Osmonovun şeirlərini səsləndiriblər.