AZ

Banan plantasiyaları yox ola bilər - Klimatoloqlardan xəbərdarlıq

Bu əsrin sonuna qədər banan plantasiyalarının iqlim dəyişikliyi səbəbindən yox olma riski ilə üzləşdiyi bildirilir. Dünyanın ən populyar meyvəsi sayılan banan artıq iqlim böhranının birbaşa hədəfinə çevrilib.

Valyuta.az "The Guardian" nəşrinə istinadən  xəbər verir , yeni araşdırmalar dünyada buğda, düyü və qarğıdalıdan sonra dördüncü ən vacib ərzaq məhsulu sayılan bananın ciddi təhlükə altında olduğunu göstərir. Xüsusilə Latın Amerikası və Karib hövzəsi ölkələrində uzunmüddətli iqlim dəyişiklikləri banan istehsalını iflic edə bilər.

Beynəlxalq xeyriyyə təşkilatı "Christian Aid"in hesabatına görə 2080-ci ilə qədər Latın Amerikası və Karib regionunda hazırda banan yetişdirilən torpaqların təxminən 66 faizi bu məhsul üçün yararsız hala gələ bilər. Bunun əsas səbəbləri arasında temperaturun yüksəlməsi, təbii fəlakətlərin artması və zərərvericilərin geniş yayılması göstərilir.

Qvatemala, Kosta-Rika və Kolumbiya kimi əsas ixracatçı ölkələr bu dəyişikliklərdən ciddi ziyan görür. Qeyd olunur ki, dünya üzrə banan ixracatının 80 faizi məhz bu regiondan həyata keçirilir. Bu isə onların qlobal ərzaq təhlükəsizliyindəki rolunu daha da mühüm edir.

Banan təkcə ləzzətli meyvə deyil, həm də milyonlarla insan üçün əsas qida mənbəyidir. Hazırda dünyada 400 milyondan çox insan gündəlik kalori ehtiyacının 15–27 faizini banandan alır.

Bununla yanaşı, ixrac üçün yetişdirilən əsas növ olan Cavendish bananı iqlim dəyişikliklərinə son dərəcə həssasdır. Bu növ orta temperatur (15–35 °C) və nizamlı suvarma tələb edir. Güclü fırtınalar banan yarpaqlarına zərər verərək bitkinin fotosintez qabiliyyətini zəiflədir.

İqlim dəyişiklikləri təkcə hava şəraiti ilə məhdudlaşmır. Mütəxəssislər, tropik bölgələrdə geniş yayılan "qara siqatoka" adlı göbələk xəstəliyinin bitkilərdə fotosintezi 80 faizədək zəiflədə bildiyini vurğulayırlar.

Araşdırmalar göstərir ki, dünya iqlim böhranına səbəb olan əsas sənaye ölkələri banan istehsalında əsas rol oynamasa da, onun nəticələrinə ən çox təsir məruz qalanlar banan ixracatçısı olan kasıb ölkələrdir. Bu isə qlobal ədalətsizliyin konkret nümunəsi kimi qiymətləndirilir.

Paşa Məmmədli

Seçilən
0
17
valyuta.az

10Mənbələr