İrəvanın Aİ-yə üzv olmaq öhdəliyini elan etməsindən, lakin Brüsseldən lazımi dəstəyi ala bilməməsindən sonra Ermənistan və Rusiya hakimiyyəti ikitərəfli əlaqələri gücləndirib. Bu fonda Ermənistana Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyinin və Federasiya Şurasının sədri Valentina Matviyenkonun səfəri nəzərdə tutulub. Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Qələbə bayramı şənliyində iştirak edib.
Qeyd olunduğu kimi Rusiya diplomatiyasının rəhbəri Sergey Lavrovun yaxın vaxtlarda İrəvana səfəri gözlənilir. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan faktı təsdiq edib. Səfərin dəqiq tarixi hələlik açıqlanmayıb. Eyni zamanda Moskva bildirir ki, respublikanı qardaş hesab etməkdə davam edir və ikitərəfli münasibətləri reallığa uyğunlaşdırmağa hazırdır, amma əsas odur ki, əvvəllər qoyulmuş təməli qorumaq üçün hər kəsin siyasi iradəsi olsun. Bundan başqa, Federasiya Şurasının sədri Valentina Matviyenkonun iyunda Ermənistana gələcəyi gözlənilir. Moskvada izah edildiyi kimi, səfər ikitərəfli münasibətlərə yeni təkan vermək üçün lazımdır. Bundan başqa, Ermənistanın baş naziri Nikol Paşinyanın da Moskvada Qələbə bayramı şənliyində iştirakı Rusiyada məmnunluqla qarşılanır. Nikol Paşinyan qərarını belə tədbirlər çərçivəsində keçirilən ikitərəfli görüşlərin əhəmiyyəti ilə izah edib. O, həmçinin vurğulayıb ki, İrəvan balanslaşdırılmış xarici siyasət aparır, bu siyasət bəzi tərəfdaşlarla digərlərinin hesabına münasibətləri inkişaf etdirməyi nəzərdə tutmur. İstisna etmək olmaz ki, Paşinyan bu dəfə Azərbaycan prezidenti İlham Əliyevə faşizm üzərində Böyük Ümumi Qələbə bəhanəsi ilə sülh müqaviləsi imzalamağı təklif etmək üçün onunla görüşə ümid edib. Xüsusən də, baş nazir bayram münasibətilə müraciətində bəyan edib ki, 80 il əvvəl olduğu kimi, ermənilər də Cənubi Qafqazın sülh və firavan gələcəyinə töhfə vermək imkanına malikdirlər: “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi razılaşdırılıb və imzalanmasını gözləyir. Biz bu yolla gedəcəyik. Bizim regionumuz sülh və firavan yaşamaq haqqı qazanıb və belə də olmalıdır. Bütün daxili və xarici təxribatlara baxmayaraq, Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq”. Lakin Paşinyana prezident İlham Əliyevlə görüşmək qismət olmayıb. Azərbaycan prezidenti mayın 10-na bayram tədbirləri planlaşdırdığından, gələ bilməyəcəyini Moskvaya bildirib. İndilikdə isə Ermənistan-Rusiya münasibətləri üzərində qismən İkinci Qarabağ müharibəsi və İrəvanın Avropa istəkləri ilə bağlı yaranan buludların dağılmağa başladığını söyləmək hələ tezdir. Məsələn, Paşinyanın Moskvaya səfərindən əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan onu ölkəsinə qarşı Rusiyanı hibrid müharibədə ittiham etmişdi. O, xüsusilə Ermənistanın ikinci prezidenti Robert Köçəryanı Rusiya casusu adlandırıb: “Ermənistana qarşı hibrid müharibə aparılır ki, bu da zaman-zaman daha da şiddətlənir. Məsələn, Rusiya kanallarında, müxtəlif şərhçilər və çox vaxt təəssüf ki, erməni soyadlı şəxslər vasitəsilə Ermənistanda hakimiyyəti dəyişməyə cəhd edəndə, mitinq anonsları verəndə və sair bunların təsdqiidir". Simonyan bəyan edib ki, belə sabitliyin pozulmasına kənardan çoxlu pul xərclənir: “O cümlədən şimal qonşumuzdan bu pullar ayrılır”.
Onu da unutmaq olmaz ki, mart ayında Ermənistan parlamenti respublikanın Avropa İttifaqına inteqrasiyası haqqında qanun layihəsinin lehinə səs verib. Aprelin əvvəlində ölkə prezidenti Vaaqn Xaçaturyan sənədi imzalayıb. Rusiya hakimiyyəti bu qərarı tənqid edib. Hökumət qeyd edib ki, qanun deklarativ xarakter daşısa da və indiki mərhələdə konkret hərəkətləri nəzərdə tutmasa da, gələcəkdə Ermənistanın Avropaya inteqrasiyası qaçılmaz olaraq Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə ziddiyyət təşkil edəcək. Erməni politoloq Arşaluys Mqdesyan bildirib ki, Ermənistan hakimiyyəti balanslaşdırılmış xarici siyasət həyata keçirdiyini bəyan edib. Ekspertin nöqteyi-nəzərindən amma Aİ və NATO nəinki Ermənistanın, hətta Ukraynanın da öz sıralarına qoşulmasını gözləmir: "ABŞ-da baş verən hadisələr fonunda hər iki təşkilat köklü transformasiya və özünü yenidən kəşf etmə dövrünü yaşayır. Qlobal xaos və qeyri-müəyyənlik şəraitində haradasa sabitlik adasının olmasını gözləmək qəribədir ki, orada sizin üçün yer də hazırlansın. Üstəlik, Ermənistan təbii sərvətlərlə zəngin deyil və bu şəraitdə qonşusu ilə münaqişələrə hazır da deyil. Aİ ilə münasibətlər Rusiya və digər xarici siyasət sahələri ilə münasibətlərə xələl gətirir. Biz Ermənistanın ikinci Qarabağ müharibəsindən sonra düşdüyü təhlükəsizlik boşluğu problemini həll edə bilmirik”. Onun sözlərinə görə, bu, o demək deyil ki, İrəvan Moskva ilə mövcud problemləri həll etməyə hazırdır: “Daha doğrusu, söhbət tərəflərin onlara toxunmamaq və belə ziddiyyətlərin olmadığı sahələrdə əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəlməsindən gedir”. Burada onu da qeyd edək ki, Qərb daha əvvəlki kimi Ermənistana diqqət ayırmır. Xüsusən də Donald Tramp hakimiyyətə gələndən sonra isə Ermənistan bir növ yaddan çıxıb. Rəsmi Vaşinqton son aylarda Ermənistana ümid verəcək hər hansı bir addım atmır. Bu isə erməni diasporu və Ermənstan hakimiyyəti üçün ciddi siqnaldır. Ona görə də Paşinyan gec olmadan Moskva ilə münasibətləri yoluna qoymaq istəyir. Çünki Avropadan da ona hansısa dəstək olmayacağını yaxşı bilir.
Nahid SALAYEV