Ramin Qafarov: “Turistlərə səyahət üçün quru yolla hərəkət daha maraqlı olur”
Bu ilin ilk rübündə (yanvar-mart) Azərbaycana gələn turist sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz azalaraq, cəmi 508 min nəfər olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3,9 dəfə, Tacikistandan - 1,9 dəfə, Çindən - 1,8 dəfə, İspaniyadan - 1,7 dəfə, İordaniyadan - 44,6 faiz, Hindistandan - 44,0 faiz, Qırğızıstandan - 25,7 faiz, Qazaxıstandan - 21,0 faiz, Pakistandan - 19,6 faiz, Misirdən - 18,9 faiz, ABŞ-dan - 17,4 faiz, Niderlanddan - 16,5 faiz artsa da, Avropa İttifaqından gələnlərin sayı 1,6 faiz, Körfəz ölkələrindən gələnlərin sayı 9,9 faiz, MDB dövlətlərindən gələnlərin sayı 9,2 faiz azalıb.
Ancaq qonşu Gürcüstana - daxili gərginliyin, mitinqlərin, etirazların olmasına baxmayaraq - 2025-ci ilin 1-ci rübündə 2024-cü ilin eyni dövrünə nisbətən 1,2% daha çox, yəni 1,3 milyon turist səyahət edib. 2025-ci ilin eyni dövrlərini müqayisə edəndə Gürcüstana Azərbaycandan 2,5 dəfə çox turist gəlib.
Ekspertlər hesab edir ki, quru sərhədlər bağlı olduğu üçün Azərbaycan turizmi geriləyir.
“Bizdə elitar turizmə üstünlük verilir, hər yerdə beşulduzlu otellər tikilir, turist bir gecəyə 200-300 dollar vermək istəmir”
Turizm sahəsi üzrə ekspert Ramin Qafarov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, quru sərhədlərinin bağlı olması turist axınını səngidir: “Turistlərə səyahət üçün quru yolla hərəkət daha maraqlı olur. Bu mənada quru sərhədlərimizin bağlı olması səyyahların ölkəmizə gəlməsinə imkan vermir.
Bununla yanaşı, daha çox turist cəlb etmək üçün aşağı büdcəli otellərin sayı artırılmalıdır. Gürcüstanla müqayisədə Azərbaycanda infrastruktur hələ ciddi inkişaf etməyib. Sadəcə bizdə elitar turizmə üstünlük verilir, hər yerdə beşulduzlu otellər tikilir. Müasir turist tipi isə bir gecəyə 200-300 dollar vermək istəmir. 3 ulduzlu otellərin sayı artmalıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, son zamanlar təyyarələrin uçuş nöqtələrinin sayının artması, viza prosedurlarının sadələşdirilməsi inam yaradır ki, yaxın aylarda ölkəmizə gələn turistlərin sayı artacaq.
Günel CƏLİLOVA