AZ

"Azərbaycan və Vyetnam arasında əməkdaşlıq genişlənir" - Bayram Aslanov

"Azərbaycan və Vyetnam dövlətlərinin yarım əsrdən çox zaman ərzində inkişaf edən dostluq əlaqələri bu gün də uğurla davam edir".

Bunu "Unikal"a açıqlamasında YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib. 

Onun sözlərinə  görə, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın 7-də ölkəmizə rəsmi səfəri iki ölkənin dost, strateji tərəfdaş olduqlarını bir daha təsdiqlədi:

"Çox mühüm hadisələrlə zəngin olan səfər çərçivəsində iki dost ölkənin rəhbərlərinin mətbuata verdikləri bəyanatlar, imzalanan sənədlər ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə inkişaf etdiyinin bariz nümunəsi kimi tarixə yazıldı. Xüsusi olaraq səfər zamanı qardaş ölkələrin rəhbərlərinin apardıqları müzakirələr Azərbaycan-Vyetnam münasibətlərinə yeni baxış oldu.

Hər iki dövlət rəhbərlərinin mətbuata bəyanatlarla çıxışı zamanı ölkə Prezidentimiz İlham Əliyev bildirib ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək. Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır.

Ötən əsrdə, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnama səfəri, 2014-cü ildə Prezidentimiz cənab İlham Əliyevin dost ölkəyə dövlət səfəri, 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri iki dövlət arasında münasibətlərin gələcək inkişafında yeni səhiflə açdı. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrildi.

Ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir. İki ölkənin müxtəlif sahələrdəki yeni əməkdaşlıq imkanlarını yüksək dəyərləndirən Prezident cənab İlham Əliyev onu da vurğulayıb ki, bizim beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz də çox ürəkaçandır. Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir və buna görə biz minnətdarıq. Eyni zamanda, biz Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstəririk. Azərbaycan bu təsisata 4 il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır.

Dost ölkələrin beynəlxalq təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlıq etməsi, bir-birinə siyasi dəstək verməsi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin bariz nümunəsidir.

Səfər çərçivəsində Azərbaycanla Vyetnam arasında iki dövlət üçün xüsusi əhəmiyyət daşıyan mühüm sənədlərin imzalanması da gələcək əməkdaşlığın anonsunu vermiş oldu. Eyni zamanda, qarşılıqlı hörmət və dostluq üzərində qurulan əlaqələr, ölkələrimiz arasında strateji tərəfdaşlıq hər iki xalqın bir-birinə daha da yaxınlaşmasına, münasibətlərinin yeni mərhələyə qədəm qoymasına yeni imkanlar yaradacaq". 

Seçilən
0
2
unikal.az

10Mənbələr