Azərbaycanın güləş üzrə müxtəlif yaş qrupları üzrə yığmaları qarşıdan gələn mühüm yarışlara hazırlığı intensiv formada davam etdirir.

Offsideplus.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda fərqli məkanlarda təlim məşq toplanışı keçirilir.

Belə ki, yunan-Roma güləşi üzrə böyüklərdən ibarət milli komanda Rusiyanın Vladiqafqaz şəhərində təlim-məşq toplanışındadır.

U-20 yığmamız Antalyada keçirilən “Çempionlar” turnirindən sonra fasilə vermədən növbəti hazırlıq prosesinə start verib. Gənc yunan-Roma güləşçiləri mayın 24-dək Qax Olimpiya İdman Kompleksində toplanış keçəcəklər. Növbəti toplanış isə mayın 27-dən iyunun 9-dək isə Xaçmaz Olimpiya İdman Kompleksində olacaq.

Eyni yaş qrupunda sərbəst güləşçilər də Qaxa yollanacaq. Hazırlıq prosesi 28 may - 11 iyun aralığında gerçəkləşəcək. Buna qədər məşqlər Bakıda keçiriləcək.

Böyüklərdən ibarət sərbəst güləş yığmamız mayın 14-də Quba Olimpiya İdman Kompleksində növbəti təlim-məşq toplanışına başlayacaq. İki həftə davam edəcək hazırlıq prosesində Türkiyə yığması da iştirak edəcək.

Qadın güləşçilərimiz isə iki qrupa bölünüb. U-20 və böyüklərdən ibarət heyət Quba Olimpiya İdman Kompleksində, U15 və U17 yığmalarımız Abşeron Olimpiya İdman Kompleksində məskunlaşıb. Hər iki toplanış mayın 11-dən 24-dək davam edəcək.

Sərbəst güləş üzrə U-17 millimiz isə mayın 7-dən Xaçmaz Olimpiya İdman Kompleksində toplanışdadır. Özbəkistanın müvafiq komandası ilə birgə keçirilən hazırlıq prosesi ayın 21-də yekunlaşacaq.