AZ

Vüsal Abdullazadə: “Azərbaycan bayrağını Pulavıda zirvədə dalğalandırmaq böyük qürurdur”

Polşanın Pulavı şəhərində keçirilən ənəvi karate üslubu Fudokan üzrə 10-cu Dünya Çempionatında Azərbaycan Karate Federasiyasının milli komandası parlaq nəticələrə imza atıb.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

8–11 may tarixlərini əhatə edən bu mötəbər beynəlxalq yarışda komandaya rəhbərlik etmiş Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi və fudokan üslubu üzrə rəsmi nümayəndə Vüsal Abdullazadə yarışla bağlı təəssüratlarını bölüşüb:

“Polşada keçirilən bu mötəbər yarışda iştirak etmək və Azərbaycan bayrağını bir neçə dəfə podiumda yüksəltmək bizim üçün böyük fəxr və məsuliyyət idi. Komandamız dörd gün ərzində həm döyüş meydanında, həm də xarakterində peşəkarlıq, əzm və milli ruh nümayiş etdirdi. Gənc idmançılarımızın göstərdiyi iradə və özlərini sübut etmələri gələcəyə ümidimizi daha da artırdı.”

Vüsal Abdullazadə yarışda qazanılan medalların arxasında böyük bir komandanın fədakar zəhmətinin dayandığını qeyd edərək, uğurun səbəbləri arasında dövlətin idmana olan qayğısını xüsusi vurğulayıb:

“Bu nəticələr təkcə idmançılarımızın deyil, bütün Karate ailəsinin zəhmətinin və həmrəyliyinin bəhrəsidir. Gənclər və İdman Nazirliyinə, eləcə də Azərbaycan Karate Federasiyasına göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Bu dəstək bizə güc verir, motivasiya verir və beynəlxalq arenada mübarizə əzmini artırır.”

Abdullazadə həmçinin, komandaya rəhbərlik edən baş məşqçi Bəşir Mahmudovun rolunu da xüsusi qeyd edib və ona təşəkkürünü bildirib:

“Məşqçilər heyətinin səbirli və ardıcıl hazırlıq prosesi nəticəsində bu gün Azərbaycan fudokanı dünya səviyyəsində öz sözünü deməyi bacarır. Hər bir medalın arxasında alın təri, peşəkarlıq və fədakarlıq dayanır.”

Sonda Vüsal Abdullazadə bildirib ki, bu uğur yalnız başlanğıcdır və qarşıdakı illərdə daha böyük hədəflərə doğru birlikdə irəliləmək niyyətindəyik:

“İnanıram ki, bu ruh, bu birlik və bu məqsədyönlü yanaşma ilə biz daha çox uğurların şahidi olacağıq. Yaxşı ki, belə güclü komanda ilə bir yoldayıq. Yaxşı ki, bu ailənin bir parçasıyıq!”

Azərbaycan milli komandası 10-cu Dünya Çempionatında ümumilikdə 9 medal – 5 qızıl, 2 gümüş və 2 bürünc medal – qazanaraq ölkəmizi layiqincə təmsil edib.

Qızıl medal qazanan idmançılar:

    •    Vəlizadə Hacıəli – böyüklər, +80 kq

    •    Seyidov Vüsal – U21, -60 kq

    •    Ələkbərov Tahir – gənclər, -75 kq

    •    Zeynallı Şəfaqət – gənc qızlar, -60 kq

    •    Səfərli Qorxmaz – yeniyetmələr, -60 kq

Gümüş medal qazanan idmançılar:

    •    Babək Qələmzadə – böyüklər, mütləq çəki dərəcəsi

    •    Bağırov Məhəmməd – gənclər, +65 kq

Bürünc medal qazanan idmançılar:

    •    Heydərzadə Kamran – böyüklər, -80 kq

    •    Bayramov Siyavuş – veteranlar, +75 kq

Seçilən
0
90deqiqe.az

1Mənbələr