AZ

Son illər ali təhsil müəssisələrində təhsil haqqlarının artmasının əsas səbəbi bu imiş..- AÇIQLAMA

“Son illər ali təhsil müəssisələrində təhsil haqqlarının artmaqda davam etməsinin əsas səbəblərdən biri ölkədə və dünya miqyasında baş verən inflyasiya prosesidir.

Bu sözləri NOCOMMENT.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

Rizvan
Rizvan Fikrətoğlu

Qiymətlərin ümumilikdə artması universitetlərin də xərclərinin yüksəlməsinə səbəb olur. Nəzərə alsaq ki, universitetlər publik hüquqi şəxsdir. Bizdə müəllimlərin maaşları, kommunal xərclər, texniki təchizat, laboratoriyalar, proqram təminatları və bu kimi digər ödənişlər tələbələrin ödədiyi pula bağlıdır. Universitetlər xərclərinə adekvat təhsil haqqı müəyyənləşdirirlər. Həmçinin bir çox universitetlər təhsil keyfiyyətini artırmaq üçün yeni texnologiyalar, avadanlıqlar və müasir tədris metodlarını tətbiq edirlər. Bu cür yeniliklər maliyyə vəsaiti tələb edir və bu vəsaitin böyük hissəsi tələbə ödənişləri hesabına təmin olunur. Nəzərə almaq lazımdır ki, təhsil getdikcə daha çox kommersiya yönümlü fəaliyyət sahəsinə çevrilir. Bu da universitetlərin özlərini bazar prinsiplərinə uyğun idarə etməsinə gətirib çıxarır və ödənişli təhsilin qiymətləri bazar tələbinə uyğun tənzimlənir.

təhsil_pul

Artmaqda olan təhsil haqqları ilə yanaşı normal iş şəraiti olan ixtisasların da keçid balları yüksək olur. Bu məsələyə təklif-tələbat və sosial-iqtisadi şərait aspektdən baxmaq lazımdır. Keçid ballarının yüksək olması birbaşa həmin ixtisasa olan tələbin çoxluğu ilə bağlıdır. Başqa sözlə, balı yüksək olanlar axın edir. Məsələn, hüquq ixtisası üçün 200 plan yeri ayrılıbsa və o ixtisası 1000 abituriyent seçirsə, o ixtisasa qəbul ən çox bal toplamış 200 tələbə olur. 200-cü tələbənin topladığı bal isə keçid balı hesab olunr. İnformasiya texnologiyaları, tibb, mühəndis kimi sahələrdə həm yerli, həm də beynəlxalq səviyyədə iş imkanları genişdir. Bu səbəbdən abituriyentlər bu ixtisaslara daha çox üstünlük verir və keçid balı yüksək olur. Bu kimi ixtisasların məzunlarına həm dövlət, həm də özəl sektorlar yaxşı əmək haqqı və sabit iş təmin edir. Tələbatlı ixtisaslara maraq bazar iqtisadiyyatı qanunlarına uyğun baş verir. Lazımsız sahə də yoxdur və bu səbəbdən dövlət təhsildə balansı qorumaq üçün bəzi tənzimləyici mexanizmlər tətbiq etməlidir – məsələn, kənd təsərrüfatı kimi az seçilən, amma vacib ixtisaslara güzəştlər, təqaüdlər və ya iş təminatı təklif etmək vacibdir.

Keçid ballarının yüksəlməsi o demək deyil ki, təhsilin keyfiyyəti də yüksəlib. Bu yalnız rəqabətin artdığını göstərir. Başqa sözlə, təhsilin keyfiyyəti artan balla tənzimlənmir. Daha çox abituriyentin eyni ixtisaslara müraciəti, bəzi ixtisasların “trend”ə çevrilməsi, bəzi ali məktəblər daha prestijli sayıldığından oranı seçmək, plan yerlərinin azaldılması keçid ballarının artması ilə nəticələnir. Təhsili keyfiyyətli olan universitet və ixtisas seçimi də var. Amma balların artması təkcə bununla bağlı olmur. Bir sözlə, bal artımı müəllim keyfiyyəti, tədris materialları, laboratoriyalar, elmi tədqiqat kimi meyarların yaxşılaşdığı anlamına gəlməməlidir. Təhsil haqlarının artırılması daha çox inflyasiya, universitetlər kommunal, əməkhaqqı və avadanlıq xərclərininin artması ilə əlaqədardır”.

Əvvəlki dövrlə müqayisədə kolleclərdə də ixtisaslar artıb və bu ixtisaslarda təhsil alanlar üçün şərait universitetlərdə təhsil alanlar üçün mövcud olan şəraitlə bərabər deyil, kolleclərdə də ixtisaların artması ilə yanaşı təhsil haqqları da artır, bu halı pul tələsi adlandırmaq olarmı?

Bu sualımıza cavab olaraq ekspert bildirir ki, kolleclərdə ixtisasların sayının artması bir tərəfdən müsbət inkişaf kimi görünə bilər, çünki təhsil alanlara daha çox seçim verilir. Amma əgər bu artım keyfiyyət artımı ilə müşayiət olunmursa, bəli, bu hal problemlidir. Etiraf edək ki, Azərbaycanda fəaliyyət göstərən kolleclərin təhsili əmək bazarına adekvat deyil. Əgər kolleclərdəki ixtisaslara uyğun praktik baza, müəllim heyəti, laboratoriyalar və ya istehsalat təcrübələri yoxdursa, bu sadəcə kağız üzərində genişlənmə deməkdir. Və bunun mənfi nəticələrini kolleclərdə illərini itirmiş tələbələr çəkir. Çünki onlar “yarımçıq papaqçı” olurlar. Təbii ki, bu, bütün kolleclərə və ixtisaslara aid deyil. İstisnalar qaydaları pozmur. Əgər kolleclərdə müasir dərs vəsaitləri yoxdursa, təcrübə keçmək üçün real müəssisələrlə əməkdaşlıq edilmirsə, müəllim heyəti yetərli təcrübəyə malik deyilsə, məzunlar əmək bazarında rəqabətə davam gətirə bilmirlərsə, onda təhsil haqqının artırılması haqsızlıq və hətta “kommersiya yönümlü yanlış siyasət” adlandırmaq olar. Bu mənada dövlət kolleclər üzərində nəzarəti artırmalı, ixtisasların real tələbat və şərait əsasında açılmasına icazə verməli, təhsil haqqı ilə təqdim olunan imkanlar uyğunlaşdırılmalı, şəffaf hesabat verilməlidir. Kolleclərin inkişafı yalnız kəmiyyət deyil, keyfiyyət yönümlü olmalıdır.

Aişə Abdulova

Seçilən
0
1
nocomment.az

2Mənbələr