AZ

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin görüntüləri -FOTO/VİDEO

10 may tarixində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı olub.

"İki sahil”in “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən verdiyi məlumata görə, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Bərdə–Ağdam dəmir yolu xətti layihəsinin 2-ci mərhələsi çərçivəsində inşa olunub. Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb.

Sərnişinlərin həm qatar perronuna, həm də avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlara rahat keçidi təmin olunub.

Kompleksin ərazisində müxtəlif növ nəqliyyat vasitələrinin servis binaları və sərnişin platforması da tikilib. Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində inşa olunub, uzunluğu 350 metrdir. Ərazidə fərdi, orta və iritutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaqlar, şəhərlərarası və rayondaxili marşrutlar üzrə avtobuslar üçün perronlar, velosiped dayanacaqları, park və elektromobillər üçün elektrik doldurma məntəqəsi də yaradılıb.

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.

Açılış tədbiri çərçivəsində Bərdə–Ağdam dəmir yolu xətti ilə ilk rəmzi sərnişin qatarı yola salınıb.

Xatırladaq ki, strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artıracaq, Ağdam rayonunun sosial-iqtisadi dirçəlişinə, Azərbaycanın nəqliyyat potensialının genişlənməsinə, bütövlükdə Böyük Qayıdışa mühüm töhfə verəcək.

Ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Bərdə–Ağdam və Horadiz–Ağbənd dəmiryol layihələrinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə müsbət iqtisadi təsirləri olacaq. Yeni dəmiryol xətləri həm sərnişinlərin, həm də sənaye və kənd təsərrüfatı məhsullarının daha sürətli və sərfəli şəkildə daşınmasına imkan verəcək, bölgənin logistik potensialını əhəmiyyətli dərəcədə artıracaq.

Ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi bölgəni yük axınlarının toplanması, çeşidlənməsi və paylanması üçün əlverişli məkana çevirir. Ağdam Dəmir Yolu və Vağzal Kompleksi kimi infrastruktur obyekti, logistik mərkəzlər həm yerli istehsalın genişlənməsinə, həm də beynəlxalq ticarətin inkişafına təkan verəcək. Bu kompleks Qarabağ regionunun mühüm nəqliyyat mübadilə mərkəzinə çevriləcək.

Seçilən
0
19
ikisahil.az

10Mənbələr