AZ

Mərkəzi Bank açıqladı: Neft ucuzlaşır, manat isə…

Xəbər verdiyimiz kimi, mayın 5-də dünya birjalarında neft qiymətlərində müşahidə olunan kəskin eniş qlobal iqtisadiyyatda qeyri-müəyyənlikləri artırıb. Neft ixracatına əsaslanan ölkələr, o cümlədən Azərbaycan üçün bu vəziyyət xüsusi əhəmiyyət daşıyır. Qiymətlərin ucuzlaşması fonunda Mərkəzi Bank tərəfindən ölkə iqtisadiyyatının sabitliyinin qorunması və milli valyutanın məzənnəsinə olan təzyiqlərin azaldılması məqsədilə atılan addımlar və nəzərdə tutulan tədbirlər gündəmdədir.
 
Globalinfo.az-a danışan Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyev deyib ki, Mərkəzi Bank daima qlobal iqtisadi prosesləri yaxından izləyir və enerji qiymətlərinin dinamikasını diqqətdə saxlayır:
 
“Hazırda neftin faktiki və proqnozlaşdırılan qiyməti Azərbaycanın tədiyə balansının cari əməliyyatlar balansı üçün olan tarazlı qiymətindən əhəmiyyətli yüksəkdir. Onu da deyək ki, son illər ixracın şaxələnməsi və təbii qaz ixracının artması neftin qiymətinin tədiyə balansına təsir imkanlarını qismən məhdudlaşdırmışdır.
 
Valyuta bazarında vəziyyət ölkənin tədiyə balansı, həmçinin fiskal sektorun valyuta tələbi və təklifi, eləcə də məzənnə gözləntiləri kimi amillərdən asılıdır. İlin sonuna cari əməliyyatlar balansında profisit proqnozu, fiskal sektorun valyuta təklifinin ötən illə müqayisədə çox olması, eləcə də məzənnə gözləntilərinin sabit olması valyuta bazarı üçün hər hansı əhəmiyyətli riskin formalaşmayacağını deməyə əsas verir.
 
Mərkəzi Bank bundan sonra da qiymət sabitliyinin qorunmasına yönəldilmiş siyasət yürütməyə davam edəcəkdir”.
Seçilən
0
2
referans.az

3Mənbələr