BAKI, 12 may. TELEQRAF
İtaliya A seriyasında 36-cı turun oyunları keçirilib.
Teleqraf xəbər verir ki, lider “Napoli” öz meydanında vacib xallar itirib.
Neapol təmsilçisi yerli azarkeşləri önündə “Cenoa” ilə heç-heçə (2:2) edib.
Qarşılaşmanın 15-ci dəqiqədə “Napoli”nin hücumçusu Romelu Lukaku hesabı açıb. 32-ci dəqiqədə neapolluların qapıçısı Aleks Meret avtoqola imza atıb. 64-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Cakomo Raspadori qonaqların qapısına ikinci qolu vurub. Oyunun 84-cü dəqiqəsində “Cenoa”nın müdafiəçisi Xoan Vaskes komandasını məğlubiyyətdən xilas edib.
Çempionluğa iddialı “İnter” isə turu itkisiz başa vurub. Milanlılar səfərdə “Torino”nu 2:0 hesabı ilə məğlub edib.
Sona 2 tur qalmış “Napoli” 78 xalla liderliyini davam etdirir. “İnter” liderdən cəmi 1 xal geri qalır.