Sportinfo.az xəbər verir ki, “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Premyer Liqanın 34-cü turunda “Turan Tovuz”u 2:1 udduqları matçdan sonra sualları cavablandırıb.
- Adətən Tovuz səfəri çətin keçir. Lakin “Neftçi” buradan 2:1 hesablı qələbə ilə ayrılır...
- Doğrudan da burada qələbə qazanmaq çox çətindir. “Turan Tovuz”un standart vəziyyətləri çox təhlükəli olur. Bu, bizə böyük problem yaratdı. Qapımızda qolu da elə standart vəziyyətdən sonra gördük. Çalışırdıq ki, topu daha çox özümüzdə saxlayaq. Bəzi şeylər alındı, bəziləri yox. Çox top itkisi oldu. Bütün bunlara baxmayaraq, qələbə qazandıq və buna görə sevinirik.
- Avrokuboklar uğrunda mübarizə aparan “Turan Tovuz”un Premyer Liqada yalnız uğursuz mövsüm keçirən “Neftçi”yə qalib gələ bilməməsi qəribə deyil?
- Mən “Turan Tovuz” haqda heç nə deyə bilmərəm. Özümüz bu mövsüm oyun, nəticə baxımından xeyli problem yaşadıq. Uğursuz mövsüm oldu bizim üçün. Bilmirəm niyə belə alındı. Çalışmalıyıq ki, gələn mövsüm daha yaxşı olsun.
- Son 2 turda “Neftçi”nin motivasiyası nə olacaq?
- Bu oyunda da motivasiya yox idi. Buna baxmayaraq, çalışacağıq ki, “Neftçi” adına layiq oyun göstərək.
- Büdcənin kifayət qədər böyük olmasına baxmayaraq, “Neftçi” niyə uğur qazana bilmir?
- Bilmirəm necə cavab verim. Pis oynadıq və bu, uğursuzluğun əsas səbəbidir.
- Müqaviləniz 2+1 illikdir. 2 il bitdi, +1 aktiv olacaq?
- Bu barədə klub tərəfindən açıqlama veriləcək.
- Samir Abasov oyundan sonra sizdən formanızı istəyəndə təəccüblənmədiniz?
- Xeyr. Çünki dedi ki, azarkeş üçün istəyir. O da şəhid övladına çatdıracaq.
- Bu matçda “Neftçi” azarkeşləri yox idi. Onları stadiona necə qaytarmağı düşünürsünüz?
- Yalnız yaxşı oyunla.
- Bununla bağlı fanatlara nə demək istərdiniz?
- İnanıram ki, növbəti mövsüm bundan yaxşı olacaq. Azarkeşlərimizi sevindirəcəyik.
- Kubokun finalında “Qarabağ”a azarkeşlik edəcəksiniz, yoxsa “Sabah”a?
- Finala baxmayacam.