Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Rusiya prezidentinin mayın 15-dən etibarən İstanbulda keçirilməsi təklif olunan birbaşa Rusiya-Ukrayna danışıqlarının bərpası təşəbbüsü ətraflı müzakirə olunub.
Ərdoğan Rusiyanın bu təklifini tam dəstəkləyərək, İstanbul meydançasını təqdim etməyə hazır olduğunu bildirib. Türkiyə tərəfi davamlı sülhün əldə edilməsinə yönəlmiş danışıqların təşkili və aparılmasında hər cür köməklik göstərəcəyini vurğulayıb.
Rusiya Prezidenti Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçirilən bayram tədbirlərinin nəticələri və bu günlər ərzində həyata keçirilən yüksək səviyyəli beynəlxalq əlaqələr barədə təəssüratlarını türkiyəli həmkarı ilə bölüşüb.
Liderlər həmçinin ticarət və investisiya əlaqələrinin daha da genişləndirilməsində, o cümlədən enerji sektorunda strateji birgə layihələrin həyata keçirilməsində qarşılıqlı maraqlı olduqlarını bildiriblər.
***
saat 15.01
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, tərəflər Türkiyə-Rusiya münasibətləri, regional və qlobal məsələlərə dair müzakirə aparıblar. Ərdoğan Putinin Rusiya-Ukrayna sülh danışıqlarının İstanbulda yenidən davam etdirilməsi yönündə açıqlamasını məmnuniyyətlə qarşıladığını bildirib, Türkiyənin müzakirələrə ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb. Türkiyə Prezidenti sülh üçün bir fürsət pəncərəsinin açıldığını, atəşkəsin təmin olunmasının sülh danışıqları üçün gərəkli mühiti yaradacağını da qeyd edib.