AZ

"Rusiya və Şimali Koreya hərbi ittifaqı gücləndirir" - "The Wall Street Journal"

"Putin ABŞ və digər ölkələrə Ukrayna ilə mübarizəni davam etdirməkdə ona kömək edən etibarlı dostlarının olduğunu nümayiş etdirir..."
 
Putin və Kim Çen In ölkələri arasında güclü tərəfdaşlıq ideyasını fəal şəkildə təşviq edir, öz ittifaqını hərbi təbliğatın səmərəli alətinə çevirir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
 
Nəşr yazır ki, Rusiya və KXDR bir neçə ay ərzində Şimali Koreya hərbçilərinin Rusiya ərazisində olduğunu gizlədib, lakin indi iki ölkə arasındakı tərəfdaşlığın gücləndirilməsi ilə bağlı təbliğatı getdikcə daha fəal şəkildə aparır.
 
"İndi hər iki tərəf öz hərbi ittifaqı barədə car çəkir, Ukrayna və onun müttəfiqlərinin bəhs etdiyi uyğun olmayan və mübahisəli münasibətlərlə müqayisədə daha parlaq bir tərəfdaşlıq mənzərəsi yaradır", - nəşr yazır.
 
Nəşrin fikrincə, Vladimir Putin Şimali Koreyanın müharibəyə qoşulması ilə bağlı həqiqəti açıq şəkildə nümayiş etdirməklə ABŞ və digər ölkələrə Rusiyanın Ukrayna ilə mübarizəni davam etdirməkdə ona kömək edə biləcək etibarlı dostlarının olduğunu göstərmək istəyir. 
 
Rusiya prezidenti bu mesajı Moskvada cümə günü keçirilən Qələbə Günü paradında daha da gücləndirib - 2022-ci ilin əvvəlində Ukraynadakı müharibə başlayandan bəri bu paradda ilk dəfə olaraq Çin lideri Si Tszinpin də daxil olmaqla ən çox sayda dünya lideri iştirak edib.
 
Eyni zamanda nəşr qeyd edir ki, Kim Çen In yalnız keçən ay Şimali Koreya vətəndaşlarına Ukraynadakı müharibədə iştirak etdiklərini elan etsə də, indi minlərlə yaralı əsgəri qəhrəman kimi qarşılayır.
 
"Təbliğat aksiyası Kim Çen Ina digər ölkədə müharibəyə qoşulmaq üçün, xüsusilə də Cənubi Koreyaya qarşı artan aqressiyasını nəzərə alaraq, ordu göndərməsinə görə ehtimal olunan daxili narazılığı önləməyə kömək edir. Kim bildirib ki, öz ordusunu göndərmək suveren hüquqların haqlı şəkildə həyata keçirilməsidir və döyüşənləri "xalqın şərəfini təmsil edən qəhrəmanlar" adlandırıb" - nəşr yazır.
 
Son günlərdə Rusiyanın dövlət mediası və Kremlə bağlı hərbi bloqçular Şimali Koreya əsgərlərinin məharətli və cəsur olduğunu göstərən, açıq şəkildə səhnələşdirilmiş videolar yayır. Məsələn, Rusiya xəbər proqramlarından birində Şimali Koreyanın beş əsgərinin "Katyuşa: sovet mahnısını koreya dilində oxuması göstərilib.
 
Həmin proqramda koreyalıların tüfəngdən atəş açdığı, səngərlərdə qaçdığı və əl qumbarası atdığı kadrlar da yer alıb. "Bu, Şimali Koreya əsgərlərini Rusiyanın "döyüş qardaşları" kimi təqdim etməyə yönəlmiş məqsədli kampaniyadır,  onların hərbi dəstəyi zəifləmək bilmir", - Cənubi Koreyanın Donqseo Universitetinin dosenti Kris Mandi bildirir. Bununla yanaşı, Moskva və Pxenyanın bu aktiv təbliğatı Ukrayna və Cənubi Koreya rəsmilərinin verdiyi məlumatlarla kəskin ziddiyyət təşkil edir, - nəşr vurğulayır. 
 
Əvvəlki döyüş əməliyyatlarında şimalikoreyalılar cəbhədə kütləvi şəkildə istifadə olunan zərbə dronları qarşısında çaşqınlıq keçirib və ukraynalılar tərəfindən asanlıqla məğlub edilib. Ukrayna Silahlı Qüvvələrinin ələ keçirdiyi danışıqlara əsasən, rusiyalı əsgərlər şimalikoreyalılara "səhər yeməyinə it əti yeyən həvəskarlar" adlandırıb.
Seçilən
0
moderator.az

1Mənbələr